Rayon haqqında
Rayon haqqında
İqtisadi rayon: | - Lənkəran iqtisadi rayonu |
Tarixi: | - 1930-cu il |
İnzibati mərkəzi: | - Lerik şəhəri |
İcra başçısı: | - Əkbər Abbasov |
İnternet saytı: | - www.lerik-ih.gov.az |
E-poçtu: | - mail@lerik-ih.gov.az |
Ərazisi: | - 1084 km2 |
Əhalisi: | - 86074 nəfər |
Əhali sıxlığı: | - 80 nəfər/km2 |
Ərazi icra nümayəndəlikləri: | - 29 |
Bələdiyyələr: | - 29 |
Telefon kodu: | - 0 25 |
Poçt kodu: | - AZ 4300 |
Nəqliyyat vasitələrinin kodu: | - 43 |
Yaşayış məntəqələri: | - 162 |
Meşə sahəsi: | - 40320 ha |
Bakıdan rayon mərkəzinədək məsafə: | - 325 km |
Avtobusla Bakı şəhərinə | - 4 saat |
Hava nəqliyyatı ilə (təyyarə ilə) gediş: | - yox |
Dəmiryolu ilə(qatarla): | - yox |
Bakı və Sumqayıt şəhərlərinə İri tutumlu avtobuslarla yanaşı xeyli sayda mikroavtobuslarda işləyir. |
Lerik rayonu 1930-cu ilin avqust ayında təşkil edilmişdir. Yanvar 1938-ci ilədək mərkəzi Qosmalian kəndi olmaqla Zuvand rayonu adlanmışdır. 29 kənd ərazi icra nümayəndəliyi və 29 bələdiyyə qurumu fəaliyyət göstərir. 1084 kvadratkilometr əraziyə malik olan rayonda 161 kənd və bir şəhər vardır. Rayon əhalisinin sayı 86074 (01 yanvar 2024) nəfərdir. Əhalinin 42863 nəfəri və ya 49,79 faizi kişi, 22338 nəfəri və ya 25.95 faizi gənclərdir. 2019-cu il əhalinin siyahıyaalınması üzrə məlumatlara əsasən əhalinin 76,57 faizini azərbaycanlılar, 23,32 faizini talışlar, qalanını isə digər millətlərin nümayəndələri təşkil edir.
Cənab Prezidentin 20 iyun 2008-ci il tarixli Sərəncamı ilə rayon mərkəzi olan Lerik qəsəbəsinə şəhər statusu verilmişdir. Əhalinin 10,09 faizi şəhərdə, 89,91 faizi kəndlərdə yaşayır. Rayon üzrə əhalinin orta sıxlığı bir kvadratkilometrə 80 nəfər, şəhərdə isə bir kvadratkilometrə 79 nəfərdir.
Lerik rayonu cənub və cənub-qərbdə Yardımlı, şimal-şərqdə Masallı, şərqdə Lənkəran, cənub-şərqdə Astara rayonları ilə həmsərhəddir. İran İslam Respublikası ilə sərhəd zolağının uzunluğu 49,5 kilometrdir. Ən yüksək zirvələri Talış silsiləsindəki Kömürgöy (2493 m) və Qızyurdu yüksəkliyidir (2433 m). 40320 hektar meşə massivi vardır.
Rayonun istifadəsində olan kənd təsərrüfatına yararlı torpaq sahəsi 52568 hektar və ya ümumi torpaq sahəsinin 53,3 faizini təşkil edir. Torpaq islahatı nəticəsində 13500 ailəyə 13801 hektar torpaq payı verilmişdir ki, orta hesabla hər ailəyə 1,02 hektar deməkdir.
Rayonun Respublikaya əsas çıxış yolu olan 56 kilometrlik Lənkəran-Lerik yolu 2005-ci ildə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə yenidən tikilmiş və elə həmən il sentyabrın 8-də açılışında Cənab Prezident iştirak etmişdir. 2018-ci ildə Lənkəran-Lerik avtomobil yolunun yenidən qurulması məqsədi ilə cənab Prezidentin 28 avqust 2018-ci il sərəncamı ilə ilkin olaraq 5.0 milyon, 15 oktyabr 2018-ci il tarixli sərəncamı ilə 9.2 milyon vəsait Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılmışdır. Rayon iqtisadiyyatının əsasını əsasən əkinçilik, heyvandarlıq və kartofçuluq təşkil edir. Qismən tərəvəzçilik və meyvəçilik də inkişaf etdirilir.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev rayonumuza səfər etmiş ilk dövlət başçısıdır. Cənab prezident 2005-ci il sentyabr ayının 8-də rayona gələrək Lənkəran-Lerik yolunun açılışında iştirak etmiş, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür. 23 oktyabr 2006-cı ildə ikinci dəfə Lerik rayonuna səfər edən Azərbaycan Respublikası Prezidenti ilk dəfə olaraq rayona çəkilmiş qaz xəttinin açılış mərasimində iştirak etmişdir. Prezident İlham Əliyev 2010-cu il iyunun 25-də Lerik rayonuna üçüncü dəfə səfər edərək ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdi, yenidən qurulmuş Heydər Əliyev meydanı ilə tanış oldu. Ulu öndərin həyat və fəaliyyətini əks etdirən foto-şəkillər və digər tarixi sənədlərlə zəngin olan yeni tikilmiş Heydər Əliyev Mərkəzinin, “Uzunömürlülər” muzeyinin açılışında iştirak etdi, əsaslı təmir edilmiş 90 çarpayılıq mərkəzi rayon xəstəxanası və mədəniyyət evinə baxış keçirdi, Qarabağ döyüşlərində şəhid olmuş leriklilərin xatirəsinə ucaldılmış “Şəhidlər” abidə kompleksi qarşısında gül dəstələri qoydu, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. 15 oktyabr 2018-ci ildə Prezident İlham Əliyev Lerik rayonuna dördüncü tarixi səfərini edərək xalqımızın ümummilli lideri Heydər Əliyevin Lerik şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etmiş, abidənin önünə gül dəstələri qoymuşdur. Piran-Hamarat-Vijaker avtomobil yolunun yenidənqurmadan sonra açılışında, “Lerik şəhərinin içməli su təchizatı sisteminin yenidən qurulması və ilk dəfə olaraq kanalizasiya şəbəkəsinin yaradılması” layihəsinin icrasının yekunlaşması münasibətilə keçirilən mərasimdə iştirak etmiş, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür. İlham Əliyev Lerik rayonunda gücü 16,5 MVt olan elektrik stansiyasının, Bayraq Muzeyinin və Lerik şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunmuş 100 yerlik Lerik şəhər 2 saylı körpələr evi-uşaq bağçasının açılışında iştirak etmişdir.
Lerikdə yeni inşa edilən tikililərdən biri də “Uzunömürlülər” muzeyidir. Bu muzeyin məhz Lerikdə yaradılması təsadüfi deyil. Bu rayon həmişə uzunömürlü insanları ilə fəxr edib və bütün dünyada uzunömürlülər diyarı kimi də şöhrət qazanıb. Dağlar qoynunda yerləşən Lerik rayonunda vaxtilə rayonda 500 nəfərdən çox uzunömürlü insan yaşayıb. Dünyada yeganə Lerikdə yaradılan bu muzey marağı ilə diqqəti ilə cəlb edir. Müasir arxitektura elementlərindən istifadə edilməklə inşa edilən muzeydə yaşı yüzdən yuxarı 50-dən çox lerikli haqqında maraqlı məlumatlar yer alıb. Muzeydə uzunömürlülərin həyatına və məişətinə dair 2 mindən artıq eksponat sərgilənir. Burada uzunömürlülər haqqında məlumatlarla yanaşı, onların fotoşəkilləri yerləşdirilib.
I Qarabağ müharibəsində Lerik rayonu 130-dan çox şəhid verib. Onların 5-i şücaətlərinə görə Milli Qəhrəman adına layiq görülüblər. Azərbaycanın ilk Milli Qəhrəmanları sırasında da leriklilərin adı var. Vətən müharibəsində isə Lerik rayonu 50 şəhid verib. Onlardan bir nəfəri Vətən Müharibəsi Qəhrəmanı adı ilə, 28 nəfəri isə ordenlərlə təltif edilmişdir.
Prezident İlham Əliyevin göstərişi ilə 2007-ci ildə Lerik şəhərində yaşayan 1321 ailənin mənzilinə qaz xətti çəkilib. Hazırda rayonun 50 kəndində mavi qaz verilmişdir. Bu bölgənin turizm üçün böyük potensiala malik olması da diqqətdən kənarda qalmayıb. Lənkəran-Lerik yolu boyunca, Bilnə, Qosmalıan və Kələxan kəndlərində turizm istirahət əyləncə mərkəzləri inşa edilib. Bir çox yollar əsaslı və cari təmir olunub. Son illər Rayonda 5946 şagird yerlik 53 məktəb, o cümlədən Heydər Əliyev Fondunun vəsaiti hesabına 870 şagird yerlik 4 yeni məktəb, 7 səhiyyə müəssisəsi, 3 uşaq bağçası, onlarla yeni idarə binaları, rabitə və poçt şöbələri üçün yeni binalar tikilib istifadəyə verilmiş, bir çoxu əsaslı təmir edilmişdir. Bundan başqa Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 2 on altı mənzilli yeni yaşayış və bir 18 mənzilli bina istifadəyə verilmişdir. 11 nəfər Qarabağ müharibəsi əlili üçün fərdi mənzil tikilmiş, 27-dən çox imtiyazlı şəxsə avtomaşın verilmişdir. Lerik şəhərinin bütün küçə və meydanlarına asfalt, səki və xiyabanlara üzlük daş döşənmiş, yeni işıqlandırma sistemi quraşdırılmışdır. Hazırda rayonun ayrı-ayrı kəndlərində 13 yeni məktəb binasının tikintisi, şəhərin küçə və meydanlarında tikinti abadlıq işləri sürətlə davam etdirilir.
Rayonda Bayraq Muzeyi, bir "Tarix diyarşünaslıq" muzeyi və onun “Uzunömürlülər” filialı, Mərkəzləşdirilmiş Kitabxana Sistemi (60 kitabxanadan ibarət, şəhərdə bir mərkəzi kitabxana, bir Uşaq kitabxanası), 1 mədəniyyət mərkəzi, 10 mədəniyyət evi 47 klub fəaliyyət göstərir. Rayon mərkəzində Kapital bankın filialı var və rayon ərazisində 4 bankomat fəaliyyət göstərir.
Rayon üzrə on bir siyasi partiyanın yerli təşkilatı, iyirmi üç ictimai təşkilat və birlik fəaliyyət göstərir. Bu partiyalardan biri iqtidar, ikisi iqtidar yönümlü, səkkizi müxalifət partiyasıdır.
Rayon ərazisində 96 məscid və 14 ziyarətgah vardır. Əhali İslam dininə sitayiş edir. Əhalinin böyük əksəriyyəti şiədir.
Bitki örtüyü əsasən kolluq, seyrək meşəli çəmənlərdən və dağ meşələrindən (Palıd, vələs, fındıq, qızılağac, dəmirağacı və sair) ibarətdir. Ümumi meşə sahəsi 40306 hektardır. Faunası (heyvanlar aləmi): canavar, tülkü, caqqal, ayı, dovşan, meşə pişiyi və sair. Qışı sərt keçir. Bəzi dağlıq ərazilərdə temperatur mənfi 15-20 dərəcəyədək yüksəlir. Yayı mülayim isti olur.
Rayonda xalq sənətkarlığından ən çox yayılan xalçaçılıqdır. Bununla yanaşı dülgərlik və qismən dəmirçiliklə də məşğul olunur. Rayonda talışlar və türklər yaşayır. Hər iki xalqın adət-ənənəsi, məişəti demək olar ki, eynidir. Ərazidə milli və dini bayramlar geniş qeyd edilir. Milli yemək kimi ləvəngi və plovdan daha çox istifadə edilir.
Rayon ərazisində 200-dən çox təbiət və tarixi abidələr vardır. Ən qədim yaşayış məskəni kimi tarixə düşmüş Büzeyir mağarası, XI-XII əsr tarixi abidələri - Oğlan və Qız qalaları, XIV əsrə aid Xoca Seyid Türbəsi, XV-XVI əsrin yadigarı olan Babagil abidəsi, XII əsrə aid Cabir türbəsi, XIX əsrdə Lüləkəran kəndində tikilmiş məscid binası və digər qədim yaşayış məskənləri, qoç heykəlləri, daş qutusu nekrapolları, qəbiristanlıqlar, qədim yaşayış yerləri, mağaralar vardır.
Rayon ərazisində Talış və Peştəsər dağ silsiləsinin arasında özünəməxsus flora və faunaya məxsus olan Diabar çökəkliyi, Zuvand yasaqlığı yerləşir. Lerik ərazisində təbii mineral sular, sərin bulaqlar və Şərətük, Vazaru, Alaşar kimi iri dağ çayları vardır.
Rayonda Bayraq muzeyi, bir tarix diyarşünaslıq, bir uzunömürlülər muzeyi, rəsm qalereyası, istirahət parkı, ovçuluq və atla gəzinti üçün hər cür şərait vardır.
Lerik rayonuna gələn turistlər əsasən Lənkəran-Lerik avtomobil yolu boyu son illər salınmış turizm-istirahət mərkəzlərində qalırlar. Burada turistlərə istirahət üçün hər cür şərait yaradılmış, bəzilərində atla gəzinti, göldə qayıq sürmə, rayonun tarixi abidələri və səfalı yerlərinə ekskursiyaların təşkili həyata keçirilir. Bunlar əsasən aşağıdakılardır:
Obyektin adı | Yerləşdiyi ərazi (ünvanı) |
“Çənlibel” turizm istirahət mərkəzi | Lənkəran-Lerik avtomobil yolunun 23-cü kilometrliyi |
”Təbəssüm” turizm istirahət mərkəzi | Lənkəran-Lerik avtomobil yolunun 27-ci kilometrliyi |
”Meşəbəyi “turizm istirahət mərkəzi | Lənkəran-Lerik avtomobil yolunun 28-ci kilometrliyi |
“Sərin Məkan” turizm istirahət mərkəzi | Lənkəran-Lerik avtomobil yolunun 31-ci kilometrliyi |
”Həyat” turizm istirahət mərkəzi | Lənkəran-Lerik avtomobil yolunun 32-ci kilometrliyi |
“Ağgöl” turizm-istirahət mərkəzi | Lənkəran-Lerik avtomobil yolunun 33-cü kilometrliyi |
”Qala” turizm istirahət mərkəzi | Lənkəran-Lerik avtomobil yolunun 33-cü kilometrliyi |
“Relax” turizm istirahət mərkəzi | Lənkəran-Lerik avtomobil yolunun 34-cü kilometrliyi |
”Xəyal” turizm istirahət mərkəzi | Lənkəran-Lerik avtomobil yolunun 34-cü kilometrliyi |
”Cənub” turizm istirahət mərkəzi | Lənkəran-Lerik avtomobil yolunun 36-cı kilometrliyi |
“Dost qapısı” turizm istirahət mərkəzi | Lənkəran-Lerik avtomobil yolunun 36-cı kilometrliyi |
“Dağ çayı” turizm istirahət mərkəzi | Lənkəran-Lerik avtomobil yolunun 42-ci kilometrliyi |
“Doqquz qardaş” turizm istirahət mərkəzi | Kələxan kəndi |
“Səfalı göl” turizm istirahət mərkəzi | Bilnə kəndi |
“Relax” turizm istirahət mərkəzinin filialı | Qosmalian kəndi |