İdris Şükürlü
Nasir, publisist, politoloq, Jurnalistlər Birliyinin (1984), AzərKİVİHİ-nin (2000) üzvü
Şükürov İdris Müti oğlu - 1957-ci il mayın 1-də Azərbaycan Respublikası Lerik rayonunun Şingədulan kəndində anadan olmuş, bu kənddə orta məktəbi bitirmişdir (1964-1974). Bir müddət sıravi kolxozçu işləmişdir. 1975-ci ildən 1976-cı ilə kimi “Bolluq uğrunda” (indiki “Lerik”) qəzeti redaksiyasının mətbəəsində mürəttib işləmişdir. S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Jurnalistika fakültəsini qiyabi yolla bitirmişdir (1976-1984). 1976-1978-ci illərdə Sovet Ordusu sıralarında xidmət etmişdir. 1978-ci ildə Universitetin Jurnalistika fakültəsində təhsilini davam etdirməklə yanaşı, rayon qəzetində kitabxanaçı işləmişdir. 1981-1989-cu illərdə “Bolluq uğrunda” (indiki “Lerik”) qəzeti redaksiyasında əbəbi işçi, 1989-cu ildən məsul katib işləmişdir. 1989-1991-ci illərdə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun (indiki Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası) əyani şöbəsini bitirmişdir. 1991-ci ildə “Kənd həyatı” jurnalının cənub bölgəsi üzrə xüsusi müxbiri işləmişdir. 1992-ci ildə “Lerik” qəzetinin redaktoru təyin olunmuşdur.
2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 22 iyul tarixli Sərəncamı ilə “Respublikanın əməkdar jurnalisti” fəxri adına layiq görülmüşdür.
İ.M.Şükürlü ədəbi-bədii, publisistik yaradıcılıqla ciddi məşğul olur. 30-a yaxın kitabın tərtibçisi və redaktorudur.
Kitabları:
1. “Ölsəm, inanma!” (oçerklər), Bakı, “Şirvannəşr”, 1996, 2000 nüsxə
2. “Gözəlliyi gözlərimdə apardım” (mənsur şeirlər), Bakı, “Təbriz”, 1998, 500 nüsxə
3. “Ömür çırağı sönmədi” (sənədli povest), Bakı, “Əbilov, Zeynalov və oğulları” İTK, 2002, 500 nüsxə
4. “Adsız qəhrəman” (sənədli povest), Bakı, “Planet-press” İTK, 2003, 500 nüsxə
5. “Seyid Mir Saleh Ağa ocağının nuru” (oçerklər), Bakı, “Avropa”, 2003, 500 nüsxə
6. “Əliheydər müəllimin arxeoloji cənnətdə tapıntıları”, Bakı, “Planet-press” İTK, 2004, 500 nüsxə
7. “Kitabların işığında”, Bakı, “Nurlan”, 2010.
(3 kitabı şəhidlik və Qarabağ mövzusundadır)
Mətbuatda uzunmüddətli əbədi-bədii, publisistik yaradıcılığına, hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərinə, vətəndaş mövqeyinə görə AzərKİVİHİ-nin “Nailiyyət”, “Kamil sənətkar”, “Qızıl qələm” mükafatlarına, Azərbaycan Jurnalistlər Birliyinin, Lerik Rayon İcra Hakimiyyətinin fəxri fərmanlarına layiq görülmüşdür. “Avropa” Nəşr Mətbu Evinin “İlin vətənpərvər jurnalisti” adına layiq görülməklə diplom və medalla təltif olunmuşdur.