Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Şəhid ailələrinin üzvlərinə və Vətən müharibəsi iştirakçılarına orden və medallar təqdim edildi

26 iyun 2021 | 16:00

2021-ci il iyunun 26-da şəhid ailələrinin üzvlərinə və Vətən müharibəsi iştirakçılarına orden və medalların təqdim edilməsi mərasimi keçirildi.
Əvvəlcə mərasim iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, xatirəsini ehtiramla yad etdilər.
Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilən tədbirdə Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edildi.
Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə mərasim iştirakçılarını təbrik edərək bildirdi ki, ötən il Azərbaycanın şanlı tarixinə qələbə ili kimi daxil oldu. Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başladı. Vətən müharibəsinin 44 günü ərzində müzəffər Azərbaycan Ordusu Tərtər, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Xocalı, Xocavənd, Laçın rayonlarının 300-dən çox yaşayış məntəqəsini, Şuşa şəhərini, Murovdağ, Ağdərə və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan hərbi yolla azad etdi. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi, Ermənistanı Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur etdi. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı. Çoxlarımız şahidik ki, həmin günlərdə ehtiyatda olan hərbi vəzifəli vətəndaşlar da böyük vətənpərvərlik nümayiş etdirərək, hərbi əməliyyatlarda iştirak etmək üçün könüllü şəkildə müraciətlər edirdilər.
İkinci Qarabağ müharibəsində 3 minə yaxın şəhidimiz olub. Hər bir insanın həyatı qiymətsizdir, hər bir şəhidimizin xatirəsi bizim üçün əzizdir. Ancaq nəzərə alsaq ki, genişmiqyaslı müharibə aparılıb və ilk günlərdən əks-hücum əməliyyatı, əslində, hücum əməliyyatına çevrilmişdir. Ermənilərin 30 il ərzində qurduqları istehkamları, dərin müdafiə istehkamlarını və həmin bölgənin relyefini nəzərə alsaq, tam qətiyyətlə deyə bilərik ki, biz istədiyimizə az itkilərlə nail olduq. Müharibə itkisiz olmur. Bizim müharibəmiz azadlıq müharibəsi idi, ədalətli müharibə idi. Bizim hərbçilərimiz şəhidlik zirvəsinə ucalaraq Vətən qarşısında öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirmişlər.
Həm Birinci, həm də İkinci Qarabağ müharibəsində Lerik rayonundan olan qəhrəman oğullarımız da hərbi əməliyyatlarda misilsiz rəşadət nümayiş etdirmişlər. Möhtəşəm qələbənin əldə edilməsində leriklilərin də imzası vardır. Minlərlə hərbçimiz yüksək dövlət orden və medalları ilə təltif edilmişdir. Cənab Prezidentin müvafiq sərəncamları ilə “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş, müxtəlif orden və medallarla təltif edilmiş hərbi qulluqçuların arasında leriklilərin də adları vardır.
Hamımızın borcudur ki, şəhidimizin həyatı və keçdiyi döyüş yolu həmişə təbliğ olunsun. Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsi həmişə ehtiramla yad edilir, şəhidlərin həyatı və döyüş yoluna həsr olunan tədbirlər mütəmadi olaraq keçirilir. Şəhidlərimizin qəhrəmanlığı, şücaəti, fədakarlığı hər bir azərbaycanlı üçün daim bir örnək olacaqdır.
Daha sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə təltif edilmiş şəhidlərin ailə üzvlərinə və Vətən müharibəsi iştirakçılarına orden və medallar təqdim edildi.
Mərasimdə çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilmiş “Dəmir yumruq” əməliyyatında düşmənin məğlub edilərək uzun müddət işğal altında qalmış torpaqlarımızın azad olunmasında iştirak etmiş qəhrəman oğullarımızın nümayiş etdirdikləri misilsiz rəşadətin xalqımızı qürurlandırdığını, rəşadətli Vətən övladlarının döyüş yolunun gələcək nəsillərə həmişə örnək olacağını bildirdilər.

Keçidlər