Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Əməkdar həkim Balağa Bağırovun 90 illik yubileyi keçirildi

05 oktyabr 2019 | 16:00

Lerik Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon mədəniyyət mərkəzində Əməkdar həkim, səhiyyə əlaçısı, tibb elmləri namizədi, cərrah-travmatoloq-ortoped Balağa Rəzzaq oğlu Bağırovun 90 illik yubileyi keçirildi.
Əvvəlcə tədbir iştirakçıları mədəniyyət mərkəzinin foyesində Balağa Bağırovun fotoşəkillərindən ibarət sərgi ilə tanış oldular.
Tədbiri giriş sözü ilə Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov açaraq yubilyarın həyat və fəaliyyəti haqqında məlumat verdi. Bildirildi ki, Balağa Rəzzaq oğlu Bağırov 1929-cu ildə Lerik rayonunun Xəlifəkənd kəndində anadan olmuşdur. 1952-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsini bitirmiş, Lerik Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinin müdiri kimi əmək fəaliyyətinə başlamışdır. O, 1954-1964-cü illərdə Lerik Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində işləmişdir. Bu vəzifədə çalışdığı 10 il ərzində Şingədulan, Boykəndil, Əliabad, Vizəzəmin, Qosmalıan, Veri kəndlərində xəstəxanaların, bir sıra kəndlərdə feldşer-mama məntəqələrinin açılmasına nail olmuşdur.  Balağa Bağırov 1955-1964-cü illərdə eyni zamanda rayon xalq deputatları sovetinin deputatı və rayon partiya komitəsinin üzvü olmuşdur.
Balağa Bağırov 1964-cü ildən Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun aspiranturasında təhsil almış, 1968-ci ildə ona tibb elmləri namizədi alimlik dərəcəsi verilmişdir. O, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi vəzifələrində çalışmış, 1969-1981-ci illərdə həmin institutun baş həkimi olmuşdur. Daha sonra həmin institutda baş həkimin müalicə işləri üzrə müavini, uşaq travmatologiyası şöbəsinin həkimi vəzifələrində çalışmışdır. 1990-cı ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə Balağa Bağırova “Əməkdar həkim” fəxri adı verilmişdir. Balağa Bağırov dörd kitabın, tibbə dair bir neçə dərs vəsaitinin, 100-ə yaxın elmi məqalənin müəllifidir. Elmi məqalələri Azərbaycanda, MDB məkanında və digər xarici ölkələrdə çap olunmuşdur. Eləcə də elmi-publisistik yazıları dövri mətbuatda, müxtəlif elmi-populyar jurnallarda dərc edilmişdir. Balağa Bağırov 2012-ci ildə vəfat etmişdir.
Yubiley tədbirində Azərbaycan Respublikası Milli Məclisinin deputatları: Hüseynbala Mirələmov, Aqil Abbas, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Ağacəfər Həsənli, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya elmləri doktoru İslam Qəribli, Lerik Rayon Ağsaqqallar Şurasının sədri Həmzə Vəliməmmədov, Soru kənd həkim məntəqəsinin müdiri Eldar Cəfərov, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-dramaturq Eldar İskəndərzadə, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun şöbə müdiri Əli Davudov, Bakı Dövlət Universitetinin professoru Anar İsgəndərov çıxış edərək Balağa Bağırovun səhiyyə sahəsində fəaliyyətindən və onun haqqında xatirələrini danışdılar.
Tədbirdə rayon mədəniyyət mərkəzinin kollektivinin ifasında rəngarəng musiqi nömrələri və şeirlər səsləndirildi.
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov çıxış edərək bildirdi ki, dövlət və xalq qarşısında böyük xidmətləri olmuş şəxsiyyətlərin yubileylərinin keçirilməsi rayonda da ənənə halını almışdır. Lerik Rayon Ağsaqqallar Şurasının təklifi nəzərə alınaraq rayon icra hakimiyyəti başçısının sərəncamı ilə Əməkdar həkim, səhiyyə əlaçısı, tibb elmləri namizədi, cərrah-travmatoloq-ortoped Balağa Rəzzaq oğlu Bağırovun 90 illik yubileyinin rayonda qeyd edilməsi qərara alınmışdır. Belə tədbirlərin mütəmadi olaraq bundan sonra da keçirilməsi təmin ediləcəkdir.
Balağa Bağırovun oğlu Əlimuxtar Bağırov çıxış edərək atasının xatirəsinin yad edilməsinə, 90 illik yubileyinin doğma diyarı olan Lerikdə yüksək səviyyədə keçirilməsinə görə ailə üzvləri adından rayon rəhbərliyinə minnətdarlığını bildirdi

Keçidlər