Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibəti ilə konfrans keçirildi

26 may 2018 | 16:00

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibəti ilə Lerik Rayon Mədəniyyət Mərkəzində rayon icra hakimiyyəti başçısı Rövşən Bağırovun, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin, ağsaqqallar və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə konfrans keçirildi.
Öncə tədbir iştirakçıları Azərbaycan Xalqının Ulu Öndəri Heydər Əliyevin abidəsini ziyarət etdilər,  abidənin önünə tər gül-çiçəklər düzdülər.
Sonra Lerik Rayon Mədəniyyət Mərkəzinin qarşısındakı meydanda Cümhuriyyətin 100 illik yubileyinə həsr olunmuş sərgi ilə tanış oldular.
Mərkəzinin qarşısındakı meydanda rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov rayonun uzunömürlü sakini, anadan olmasının 100 illiyini qeyd edən ağsaqqal Məmmədxan Abbasovla  görüş keçirdi və rayon icra hakimiyyətinin Fəxri Fərmanını ona təqdim etdi.
Mədəniyyət mərkəzində Azərbaycan Respublikasının Dövlət Himnin səsləndirilməsi ilə davam etdirilən konfransda tədbir iştirakçıları Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “Əbədi ezamiyyət” sənədli filminə baxdılar.
Konfransı giriş nitqi ilə açan Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov tədbir iştirakçılarını və rayon əhalisini Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə təbrik etdi, müstəqil ölkəmizin inkişafı naminə həyata keçirilən işlərdə uğurlar arzuladı. Bildirdi ki, XX əsrin əvvəlləri Azərbaycanın tarixində bir-birini sürətlə əvəz edən və Azərbaycan xalqının taleyində həlledici sayılan hadisələrlə zəngin olmuşur. Bu hadisələrin ən yüksək zirvəsi, sözsüz ki, 1918-ci il mayın 28-də Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsidir. Bu il xalqımız Şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini böyük təntənə ilə qeyd edir.
Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın azadlıq hərəkatı tarixində dərin iz qoydu. Azərbaycan Xalq Cümhuriyyəti sübut etdi ki, ən qəddar müstəmləkə və repressiya rejimləri belə Azərbaycan xalqının azadlıq ideallarını və müstəqil dövlətçilik ənənələrini məhv etməyə qadir deyildir.
1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində Azərbaycan yenidən, XX əsrdə ikinci dəfə müstəqilliyə qovuşdu. Ancaq müstəqilliyimizin ilk illəri ölkəmiz üçün çox ağır keçdi. Ölkədə hökm sürən anarxiya, özbaşınalıq faktiki olaraq Azərbaycanı parçalanmağa sürükləyirdi, Müstəqillik 1991-1993-cü illərdə formal xarakter daşıyırdı. Həmin dövrdə ölkə bir tərəfdən daxili çəkişmələr və hakimiyyət uğrunda aparılan mübarizə, vətəndaş müharibəsi, digər tərəfdən Ermənistanın Azərbaycana etdiyi təcavüz siyasəti nəticəsində torpaqlarımızın işğal altına düşməsi şəraitində idi.
1993-cü ildə Azərbaycan xalqının tələbi ilə ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra ölkədə vəziyyət sabitləşdi. İctimai-siyasi asayiş təmin edildi, ölkədə inkişaf başladı. O illərdə başlanmış və bu gün uğurla davam etdirilən siyasi, iqtisadi və hüquqi islahatlar Azərbaycanda dövlətçiliyin əsaslarını möhkəmləndirdi.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev xalqımızın XX əsrdə əldə etdiyi ən böyük nailiyyətlər sırasında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını xüsusi diqqətə çatdıraraq qeyd edirdi ki, Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş və sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə qalacaqdır. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzaladığı “Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında” 1998-ci il 30 yanvar tarixli Sərəncam Cümhuriyyət məfkurəsinin və tarixinin araşdırılması üçün ciddi hüquqi baza yaratmış oldu.
Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqımızın tarixi keçmişinin öyrənilməsi kimi məsələləri daim diqqət mərkəzində saxlayır. “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nın dövlət qayğısı ilə yüksək səviyyədə nəşri, habelə 2007-ci ilin mayında Prezident İlham Əliyevin iştirakı ilə Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılan abidənin açılışı bunun parlaq təzahürüdür. İstiqlaliyyət küçəsində qoyulan bu abidə adları Azərbaycan dövlətçiliyi ilə birgə tarixə düşən istiqlal mücadiləsi iştirakçılarının xatirəsinə ən böyük ehtiramdır.
Azərbaycan Xalq Cümhuriyyətinin milli dövlətçilik tarixində xüsusi yer tutduğunu nəzərə alan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı 2008-ci il 15 fevral tarixli Sərəncamla Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi bütün ölkə ərazisində təntənəli şəkildə qeyd olundu. Cənab Prezidentin 2017-ci il 16 may tarixli 2867 Sərəncamı ilə ölkəmizdə və müxtəlif xarici dövlətlərdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan tədbirlər davam etdirildiyini və 2018-ci il 10 yanvar tarixli 3568 nömrəli Sərəncamı ilə 2018-ci il Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edildiyini vurğuladı.
Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ənənələri bu gün qətiyyətlə inkişaf etdirilir. İndi Azərbaycanda gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi əbədi və sarsılmaz dövlətçiliyimizin daha da qüdrətlənməsinə xidmət edir. Müstəqil daxili və xarici siyasət yeridən, nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən Birləşmiş Millətlər Təşkilatının, Avropa Şurasının üzvü olan Azərbaycan Respublikası artıq təkcə regionda deyil, dünya miqyasda söz sahibi olan dövlət və strateji tərəfdaş kimi tanınır.
Konfransda “Azərbaycan Xalq Cümhuriyyəti 100: Müsəlman şərqində ilk parlamentli respublika” mövzusunda rayon icra hakimiyyəti başçısı Rövşən Bağırovun, “Müasir Azərbaycan - Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” mövzusunda tarixçi Hüseynbala Əliyevin, “Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə qadınlara bərabərlik verən ilk respublikadır” mövzusunda Şəhər 1 saylı texniki fənlər təmayüllü liseyin müəllimi Dünyaxanım Kərimovanın, “Azərbaycan Xalq Cümhuriyyəti yaradıcıları xalqımızın fədakar övladlarıdır” mövzusunda rayon Veteranlar Şurasının sədri Hidayət Bəşirovun və “Azadlıq və istiqbal sevgisindən yaranan  Cümhuriyyətimiz” mövzusunda Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov məruzələri dinlənildi.
Sonda rayonun dövlət qulluğu, təhsil, səhiyyə, mədəniyyət və ictimai-siyasi həyatında fəal iştiraklarına görə və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə bir qrup şəxslərə rayon icra hakimiyyəti başçısının Fəxri Fərmanları təqdim edildi.
Tədbir bayram konserti və atəşfəşanlıqla yekunlaşdırıldı.

Keçidlər