Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə ümumrayon tədbiri keçirildi

30 dekabr 2017 | 16:00

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayramsayağı bəzədilmiş Lerik şəhərinin Heydər Əliyev Meydanında yeni il rəmzi olan “Yolka” ətrafında Şaxta Baba və Qar qızın iştirakı ilə rayon icra hakimiyyəti, idarə, təşkilat və müəssisələrin kollektivləri, ağsaqqalların, məktəblilərin və rayon ictimaiyyətinin iştirakı ilə ümumrayon tədbiri və bayram konserti keçirildi.
Bayram tədbirini Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov açıq elan edərək tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik etdi.
Tədbirdə rayon icra hakimiyyəti başçısının birinci müavini Cəlil Baxşıyev çıxış edərək rayon icra hakimiyyəti başçısının rayon əhalisinə xoş arzularını və təbriklərini çatdırdı. Prezident cənab İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində 2017-ci ilin də uğurla başa vurulduğunu bildirdi. 2017-ci il ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunduğunu, bu il paytaxtımızda IV İslam Həmrəyliyi Oyunları böyük uğurla keçirildiyini, bütün İslam ölkələrinin nümayəndələrini bir araya gətirərək əsl həmrəylik bayramı olduğunu, əsl dostluq və qardaşlıq təntənəsinə çevrildiyini qeyd etdi.
2017-ci ildə çox vacib irimiqyaslı layihələrin həyata keçirildiyini vurğulayan natiq Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verildiyini, “Əsrin kontraktı”nın 2050-ci ilə qədər davam edəcək ikinci mərhələsinə imza atıldığını və digər sahələrdə işlər davam etdiyini diqqətə çatdırdı.
Respublikamızda olduğu kimi yola saldığımız ildə rayonda həyata keçirilən tikinti-quruculuq və abadlıq  işləri, əldə olunan uğurlar barədə məlumat verdi. 2018-ci ildə qarşıya mühüm vəzifələrin qoyulduğunu qeyd edən natiq əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kursun davam etdirildiyini və bunun nəticəsində qarşıdakı illərdə də nailiyyətlərimizin daha da çox olacağına, quruculuq işlərinin davam edəcəyinə əmin olduğunu bildirdi.
Tədbirdə rayon mədəniyyət mərkəzinin musiqi kollektivinin hazırladığı musiqi nömrələri nümayiş etdirildi və məktəblilərin ifasında şeirlər səsləndirildi.
Şaxta Baba və Qar qız rayon sakinlərini və tədbir iştirakçılarını təbrik etdi, Şaxta Baba uşaqlara hədiyyələr payladı.

Keçidlər