Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 5-ci ildönümünə həsr olunmuş tədbir keçirildi

13 fevral 2017 | 16:00

Tədbir iştirakçıları öncə ulu öndərin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edərək xatirəsini dərin ehtiramla yad etdilər, abidənin önünə tər gül-çiçək düzdülər.
      Tədbirdə rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov, Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin şəxsi heyəti,  rayonun hüquq mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri, ağsaqqallar, gənclər, Qarabağ müharibəsi veteranları və ictimaiyyət nümayəndələri iştirak edirdilər.
      Lerik Rayon İcra Hakimiyyətinin inzibati idarə binasında davam etdirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
      Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin rəisi, polkovnik-leytenant Fəxrəddin Mirzəliyev tədbir iştirakçılarını salamladı və xidmətin yaranmasının 5 illiyinə həsr edilmiş məruzə ilə çıxış etdi. Bildirdi ki, uzun illər Müdafiə Nazirliyinin tabeliyində hərbi komissarlıq kimi fəaliyyət göstərən bu qurum ölkənin ordu quruculuğunda, gənclərin orduya hazırlanması və vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynamışdır. Son illər cənab Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən bütün sahələrdə aparılan islahatlar, dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, idarəetmənin çevik mexanizmlər əsasında müasir tələblərə uyğun  qurulması istiqamətində mühüm addımlar atılmış, qərarlar qəbul edilmişdir. Məhz, cənab Prezidentin 5 il öncə imzaladığı, 13 fevral 2012-ci il tarixli fərmanla respublika hərbi komissarlığı, şəhər və rayon hərbi komissarlıqları ləğv edilərək onların əsasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılmışdır. Xidmət yarandıqdan sonra çağırış sisteminə diqqət artırılıb. Müvafiq qanunvericilik bazası təkmilləşdirilib. Xidmət tərəfindən hazırda “Hərbi qeydiyyat və hərbi uçot sahəsində vahid elektron informasiya sistemi yaradılmışdır. Rayon şöbəsi tərəfindən həmin sistemə rayon üzrə müvafiq məlumatlar yerləşdirilmişdir.   Eyni zamanda orta məktəblərdə hərbi dərslərin keyfiyyətinin yüksəldilməsi, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin artırılması, ilkin hərbi biliklərə yiyələnməsi istiqamətində təhsil şöbəsi ilə işimizi birgə qurur, hərbiçilərlə gənclərin görüşlərinin keçirilməsini təmin edirik. Hər rübdə cənab Prezidentin sərəncamı ilə gənclərin orduya yola salınması təntənəli şəkildə, bayram əhval-ruhiyyəsində təşkil edilir.
      Sonra tədbirdə şəhid atası Əlizahir Müslümov, rayon ağsaqqallar Şurasının sədri Həmzə Vəliməmmədov, Qarabağ müharibəsi veteranı Bulud Əliyev çıxış edərək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Lerik rayon şöbəsinin əməkdaşlarını xidmətin yaranmasının 5-ci ildönümü münasibəti ilə təbrik etdilər, xidməti fəaliyyətlərində uğurlar arzuladılar.
      Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov öncə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Lerik rayon şöbəsinin bütün əməkdaşlarını xidmətin yaranmasının 5-ci ildönümü münasibəti ilə ürəkdən təbrik etdi və şöbənin hər bir əməkdaşına xidməti fəaliyyətində uğurlar arzuladı. Qeyd etdi ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradıldığı gündən  gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, çağırışçıların həqiqi hərbi xidmətə yola salınması, ordumuzun vətənpərvər, sağlam gənclərlə təmin edilməsi istiqamətində Ali Baş Komandanın qarşıya qoyduğu vəzifələri layiqincə yerinə yetirir.
      Son illər cənab Prezidentin ordu quruculuğuna, hərbçilərə və onların ailə üzvlərinə göstərdiyi diqqət, dövlətin müdafiə xərclərini artırması, ordumuzun ən müasir silah-sursatla təmin edilməsi istiqamətində həyata keçirdiyi tədbirlər bütün xalqımızda vətənpərvərlik hissini daha da artırmışdır. Ali Hərbi Məktəblərə gənclərin axını, müddətdən artıq xidmət üçün müraciət edən gənclərin sayı artmışdır. Ötən ilin  Aprel ayının əvvəllərində ordumuzun qəhrəman oğulları düşmənin diversiya hərəkətlərinin qarşısını rəşadətlə alaraq ona sarsıdıcı zərbə endirdi və minlərlə hektar torpaqlarımız mənfur düşmənin tapdağından azad edildi. Ordumuzun bu qələbəsi nəinki hərbçilərimizdə, kiçikdən-böyüyə bütün xalqımızda ruh yüksəkliyi yaratdı, ərazi bütövlüyümüzün bərpasına inamı artırdı. Artıq bu reallıqları görürük. Bu gün işğaldan azad olunmuş Cocuq Mərcanlıya qayıdış, inşallah bütün Qarabağ torpaqlarına qayıdışın başlanğıcıdır.
      Rayonumuz da vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda 140 yaxın şəhid vermişdir. Beş Milli Qəhrəmanımız, 80-dən çox Qarabağ əlilimiz vardır. Aprel döyüşlərindən sonra torpaqlarımız uğrunda şəhid olmuş Almu kənd sakini Natiq Tahirli və Noda kənd sakini Vüsal Əliyevin dəfn mərasimlərinə ən ucqar kəndlərimizdən əlində üçrəngli bayrağımız axı-axın insanın könüllü olaraq gəlməsi xalqımızın cənab Prezidentlə, ordumuzla bir olmasını bir daha təsdiq etdi.
      Dekabr ayında şəhid olmuş ordumuzun əsgəri Çingiz Qurbanovun nəşinin alınmasında cənab Prezidentin göstərdiyi qətiyyət, ölümündən sonra Milli Qəhrəman adını verməsi və onun ailə üzvlərini qəbul edərkən söylədiyi fikirlər bir daha təsdiq etdi ki, Ali Baş Komandan hər bir gəncin ölümünü böyük itki sayır. Cənab Prezident qeyd etdi ki, canını Vətən torpağı uğrunda fəda etmiş insanlar heç vaxt ölmür, onlar həmişə qəlbimizdə yaşayacaq.
      Biz inanırıq ki, Ordumuz cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin yürütdüyü siyasət nəticəsində qısa zaman ərzində torpaqlarımızı işğaldan azad edəcəkdir.
      Tədbirin sonunda SHÇDX rəisinin əmri ilə rayon şöbəsinin xidmətdə fərqlənən əməkdaşlarına Fəxri Fərman təqdim edildi.

Keçidlər