Əhədov Tural Rahil oğlu
Doğum tarixi: 22.11.1993
Şəhid olub: 08.11.2020
Rütbə: Baş leytenant
Təltifləri
«Vətən uğrunda» medalı
«Kəlbəcərin azad olunmasına görə» medalı
«Cəbrayılın azad olunmasına görə» medalı
«Şuşanın azad olunmasına görə» medalı
44 gün davam edən Vətən Müharibəsi nəticəsində Azərbaycan öz dədə-baba torpaqlarını mənfur düşməndən xilas etdi. Torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycanın vətənpərvər oğulları canlarından keçiblər. Vətən Müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan biri də Tural Əhədovdur.
Tural Rahil oğlu Əhədov 12 oktyabr 1993-cü ildə Lerik rayonunun Çökərə kəndində anadan olub. 2 qardaş,1 bacı olmaqla ailədə 5 nəfər olublar. Uşaqlıq illərini doğulduğu kənddə keçirib. 2001-ci ildə Lerik rayon Lələhiran kənd orta məktəbin 1-ci sinfinə daxil olub. 2009-cu ildə 8-ci sinfi başa vurduqdan sonra Cəmşid Naxçıvanski adına hərbi liseyə, 2012-ci ildə liseyi bitirdikdən sonra isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. 2016-cı ildə leytenant rütbəsi alaraq məktəbi tankçı kimi bitirib.
2018-ci ildə Xüsusi Təyinatlı Qüvvələrin kursunda oxuyan Tural kursu müvəffəqiyyətlə başa vurduqdan sonra 052-nin "N" saylı hərbi hissəsində qrup komandirinin müavini vəzifəsində xidmət etməyə başlayıb. 2019-cu ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində "Kəşfiyyatçı Artilleriya Korrektəedici" ixtisası kursunu fərqlənmə ilə bitirib. Həmin il leytenant Əhədov baş leytenant rütbəsinə yüksəlib. 30 aprel 2020-ci ildə 052 nömrəli hərbi hissənin yaranmasının 21-ci ildönümünün qeyd edilməsi münasibəti ilə nizam-intizamı ilə seçildiyinə görə baş-leytenant Əhədov Tural Rahil oğlu general-leytenant Hikmət Mirzəyev tərəfindən "Fəxri Fərman" la təltif olunub. Bundan başqa Tural nümunəvi xidmətinə görə "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə də təltif edilib.
2020-ci il sentyabr ayının 27-dən başlayan II Qarabağ müharibəsinə Xüsusi Təyinatlı qüvvələrin zabiti, baş leytenant Tural Əhədov qrup komandirinin müavini, sonra isə qrup komandiri kimi qatılıb, torpaqlarımızın düşmən əsarətindən azad olunması uğrunda gedən döyüşlərdə fəal iştirak edib.Kəlbəcər, Cəbrayıl və Xocavənd rayonunun Ağoğlan qəsəbəsi, Aygestan, Vəng, Tak, Tuğ, Mamedzor, Ata-qut, Temrakuç kəndlərinin və Şuşa şəhərinin işğaldan azad olunmasında xüsusi rəşadət, şücaət və qəhrəmanlıqlar göstərərək düşmənə sarsıdıcı zərbələr endirib,çoxlu sayda canlı qüvvəsini məhv edib. Döyüş zamanı baş leytenant iki döyüş yoldaşı ilə birgə düşmən tərəfindən mühasirəyə alınıb. Bu zaman Tural düşmənə sinə gərərək 70-ə yaxın canlı qüvvəsini məhv edib. Adını göstərdiyi şücaətlərlə tarixə yazan baş leytenant Tural Əhədov 8 noyabr 2020-ci ildə Şuşa istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhidin nəşi doğulub, boya-başa çatdığı Lerik rayonunun Çökərə kəndinə gətirilib və kənd qəbiristanlığında torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Əhədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Əhədov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən, Tural Əhədov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən, Tural Əhədov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin 26.11.2021-ci il tarixli Sərəncamına əsasən,Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin azad olunması uğrunda Vətən müharibəsində iştirak etmiş, aparılan döyüş əməliyyatlarının uğurla nəticələnməsinə töhfə vermiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Tural Əhədov ölümündən sonra "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif edilib.