Dövlətli İsgəndər Vüqar oğlu
Doğum tarixi: 24.09.1992
Şəhid olub: 09.10.2020
Rütbə: Gizir
Təltifləri
«Vətən uğrunda» medalı
«Xocavəndin azad olunmasına görə» medalı
«Cəbrayılın azad olunmasına görə» medalı
«Füzulinin azad olunmasına görə» medalı
Vətən müharibəsində xalqımızın 44 gündə qazandığı şanlı zəfər indi tərəqqipərvər bəşəriyyət tərəfindən haqqın-ədalətin təntənəsi kimi qəbul edilir. 30 ildən sonra Qarabağı azad görmək isə hər bir azərbaycanlı üçün böyük xoşbəxtlikdir. Bu xoşbəxtliyi öz xalqına bəxş etməkdə xidməti olan İsgəndər Vüqar oğlu Dövlətli də erməni dığalara qarşı döyüşdə əsl fədakarlıq, qəhrəmanlıq göstərib.
İsgəndər Dövlətli 1992-ci ildə dağlar diyarı Lerik rayonunun Soru kəndində anadan olmuşdu. Uşaqlıq illəri qartallı qayalar qoynunda keçsə də, 1997-ci ildə ailə Bakı şəhərinə köçür. İsfəndiyar orta məktəbi başa vurub Rabitə və Nəqliyyat Kollecinə daxil olur. Kolleci bitirdikdən sonra o, Lerik rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılır. Daxili Qoşunların Quba şəhərinin "N" saylı hərbi hissəsində müqəddəs əsgəri borcunu layiqincə yerinə yetirib evinə qayıdır. Qaldı ki, Qarabağın düşmən tərəfindən zəbtini heç cür qeyrətinə sığışdıra bilmir. Vətən torpağını qorumaq, vaxtı gələndə mübarizliklə dığalara qalib gəlmək məqsədilə 2016-cı ildə hərbiyə qayıdır və kəşfiyyatçı gizir rütbəsində xidmətini davam etdirir.
27 sentyabr 2020-ci il tarixində başlayan İkinci Qarabağ müharibəsində fəal iştirak edərək vətəninə, el-obasına sevgisini bir daha göstərir. Döyüşdən döyüşə erməni dığalarına sarsıdıcı zərbələr endirərək onların xeyli sayda canlı qüvvəsini o dünyaya göndərir. Çox yerdə Ordumuzun uğurla irəliləməsi, strateji nöqtələri ələ keçirməkdə var qüvvəsini əsirgəmir. Kəşfiyyatçı gizir oktyabrın 9-da Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçməklə qəhrəmancasına şəhidlik məqamına yüksəlir. Beləcə, bir igid də adını Vətən tarixinin şanlı səhifəsinə yazır. Şəhid oktyabrın 30-da yaşadığı Binəqədi rayonu Sulutəpə qəsəbəsində canından çox sevdiyi Vətən torpağına tapşırılır. Bir ay keçməmiş oğlunun yoxluğuna dözə bilməyən Vüqar kişi də erməni vandalizminin qurbanı olur.
İsgəndər Dövlətli ölümündən sonra "Vətən Uğrunda", "Xocavəndin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.