Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Fərziyev Saməddin Mehman oğlu

 

 

Doğum tarixi: 20.06.2001
      Şəhid olub: 21.10.2020
      Rütbə: Əsgər

Təltifləri
      «Vətən uğrunda» medalı
      «Xocavəndin azad olunmasına görə» medalı

 

 

 

 

 

 

İnsan ömrü kitaba bənzəyir. Vərəqlədikcə, elə hey sonuncu səhifəyə can atırsan. Kimi gec, kimisi gec ömrünün son səhifəsini tamamlayır. Vətən Müharibəsinin şəhidi Saməddin Fərziyev ömrünün son səhifəsini çox tez - ömrünün 19-cu payızında qapatdı. Saməddin Mehman oğlu Fərziyev 20 iyun 2001-ci ildə Lerik rayonunun Xanəgah kəndində, zəhmətkeş bir ailədə anadan olub. Atası Mehman kişi fiziki qüsurludur. Ailədə 3 qardaş və 3 bacı olublar. Böyük qardaşı Samid uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib və 2017-ci ildə, 25 yaşında dünyasını dəyişib. Uşaqlıq illərini doğulduğu kənddə keçirən Saməddin orta təhsilini şəhid Qiyas Əhmədov adına Xanəgah kənd tam orta məktəbində alıb. Saməddin qarışıq döyüş sənətləri (MMA) və qaydasız döyüşlə məşğul olub, qatıldığı idman yarışlarında dəfələrlə birinciliklər, diplom və sertifikatlar əldə edib.

Orta təhsilini başa vurduqdan sonra Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə göndərilib. Xidmətini layiqincə yerinə yetirən Saməddin 2020-ci ilin iyulunda Ermənistanın növbəti təxribatları nəticəsində başlanan Tovuz döyüşlərinin iştirakçısı olub.

2020-ci il 27 sentyabr tarixində başlayan və 44 gün davam edən Vətən müharibəsinin ilk günündən etibarən Saməddin Fərziyev müharibədə iştirak edib, məharətlə döyüşüb, şücaətlər göstərib. Cəbhənin ən gərgin nöqtələrində düşmənlə üz-üzə duran xüsusi təyinatlı qəhrəmanımız Xocavənd rayonu uğrunda gedən şiddətli döyüşlərdə xüsusi şücaət göstərib. Onun son döyüşü də elə Xocavəndin kəndlərinin azadlığı uğrunda olub. Saməddin bu döyüşdə dostu Sənanla birlikdə döyüş tapşırığını yerinə yetirərək, düşmənin xeyli sayda canlı qüvvəsini və texnikasını məhv edib. Tapşırıq uğurla yerinə yetirilib. Oktyabrın 21-i Saməddin və Sənan düşmənin döyüş postunu ələ keçiriblər. Lakin bundan bir neçə dəqiqə sonra xain düşmənin minaatandan açdığı atəş nəticəsində hər ikisi doğma Vətən torpağına sarılaraq, gözlərini əbədi yumurlar. Saməddinin nəşi Qaradağ rayonunun Lökbatan qəsəbəsində torpağa tapşırılıb.

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Lerik rayonunun Xanəgah kəndində anadan olan Saməddin Mehman oğlu Fərziyev ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Saməddinin atası nitq qüsrlu olduğundan, həmişə anası ilə danışanda "Ana, mən hərbidə qalacağam, burada işləyəcəyəm", deyərdi. Anası xatırlayır:

"Müharibəyə getdiyi dövrdə oğlum mənimlə danışanda deyərdi ki, "Ana, ataya imkan verməyin televizora baxsın, çünki müharibənin olduğunu bilər, mənə görə narahat olar. Bir də ki, məndən ötrü heç kim narahat olmasın, Qarabağı mən alıb gələcəyəm""...

İyul döyüşlərinin də iştirakçısı olan Saməddinin valideynləri onu cəsur, qorxmaz və bir o qədər də əxlaqlı bir övlad kimi xatırlayırlar:

“Nə vaxt onunla danışırdım, soruşurdum ki, bala, hardasasan? Deyirdi ki, "Ana, əsgər heç vaxt olduğu yeri deməz". Deyirdim, "Ay bala, yerini denən də"... Yoldaşım da fiziki qüsurludur. Deyirdim ki, "Atan çox narahatdır sənə görə. Soruşur ki, bu uşaq hardadır, nə edir?" Həmişə danışanda deyirdi ki, "Ana, televizoru söndür. Televizoru xarab et ki, atam görməsin müharibəni". Deyirdi ki, "Atam müharibəni görsə, həyəcan keçirər”...

Mələk xanım deyir ki, pandemiya səbəbindən oğlu ilə görüşə bilməyib, yalnız telefon danışıqlarında səsini dinləyə bilib:

“Gördüm zəng gəldi. Qız gətirdi telefonu, dedi ki, "Nənə, əmi zəng vurub". Həmişə 5-10 dəqiqə danışardıq. Bu dəfə nədənsə 40 dəqiqədən çox danışdıq. Deyirdim, "Ay bala, müharibə gedir, özünü gözlə. Heç müharibədə olduğunu hiss etdirmirdi. Ancaq elə deyirdi ki, "Televizoru açmayın, televizora baxmayın". Gördüm bu dəfə rahat danışır. Dedim, "Balam, nə rahat danışırsan". Sözlü adama oxşayırdı elə bil. Oğlum dedi ki, "Ana, səndən bir istəyim var ki, sabah 1 kiloqram şokolad alıb nəzir paylayarsan". Dedim, "Bala, nə səbəbə?", dedi, "Verərsən də"... Axırıncı sözü o oldu ki, ayın 20-si danışmasam, 21-i özün mənə zəng edərsən”...

Saməddinin qardaşı Abbas Fərziyev deyir ki, yalnız torpaqlarımızın işğaldan azad olunması ilə təskinlik tapır:

“Ayın 25-də onu Biləcəridən yola salırdım. Oturduq yedik-içdik. Dedi, "Gedirəm, sağ-salamat"... Onun ən böyük arzusu şəhid olmaq idi. Uşaqlıqdan anama deyirdi ki, "Ana, mən şəhid olacağam"... Yola saldım onu. Müharibə vaxtı da ancaq telefonla danışmışıq. Soruşurdum ki, "Nə edirsən, salamatsanmı?", deyirdi ki, "Narahat olma, onsuz da mən şəhid olacağam"... Onun ən böyük arzusu bu idi”.

Keçidlər