Yüksək bal toplayaraq ali məktəblərə qəbul olunmuş gənclərlə görüş keçirilib
Sentyabrın 5-də Lerik Rayon İcra Hakimiyyətində 2024/2025-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək bal toplayaraq ali məktəblərə, o cümlədən Qarabağ universitetinə qəbul olunmuş Lerik rayonundan olan gənclərlə görüş keçirilib.
Görüşdə rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Lerik rayonu üzrə təhsil sektorunun müdiri Zöhrab Salayev, rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri və rayonun bir sıra ümumtəhsil məktəbinin direktorları iştirak edib.
Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov tələbə adını qazanmış gəncləri və məktəb direktorlarını yüksək nəticəyə görə təbrik edərək qeyd edib ki, rayonumuzda ali məktəblərə daxil olan gənclər arasında 500-dən yuxarı bal toplayanların olması çox sevindiricidir. Bildirib ki, bu il rayonumuzun orta məktəblərini bitirən məzunlardan 140 nəfər tələbə adını qazanmış, bunlardan 6 nəfər 600-dən, 19 nəfər isə 500-dən yuxarı bal toplamışdır. Ümummilli lider Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə təhsilə və onun inkişafına göstərdiyi diqqət və qayğı Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev də davam və inkişaf etdirmiş, təhsilin inkişafı ilə əlaqədar mühüm layihələr icra olunmuş, təhsil sahəsində islahatlar həyata keçirilməklə, bu sahə daim diqqətdə saxlanılmışdır.
Ə.Abbasov tələbə adını qazanaraq Qarabağ Universitetinə qəbul olunmuş gənclərə qeyd olunan universitetin ilk tələbələri olduqlarını xatırladaraq bunun böyük fəxr hissi doğurduğunu qeyd edərək, onlara təhsillərinin növbəti mərhələsində uğurlar arzulayıb.
Görüşdə Lənkəran–Astara Regional Təhsil idarəsinin Lerik rayonu üzrə təhsil sektorunun müdiri Zöhrab Salayev və Veri kənd tam orta məktəbinin direktoru Mahir Əliyev çıxış edərək tələbə adını qazanmış gəncləri təbrik edib onlara uğurlar arzulayıblar.
Sonra Lerik şəhər 3 nömrəli tam orta məktəbin məzunu, 660 balla Azərbaycan Dövlət İqtisad Universiteti İnformasiya təhlükəsizliyi fakültəsinə qəbul olunmuş Abbaszadə Yusif Hüsaməddin oğlu, Veri kənd tam orta məktəbinin məzunu, 633 balla Azərbaycan Tibb Universitetinə qəbul olunmuş Samizadə Elmar Fikrət oğlu, Lerik şəhər 1 saylı texniki fənlər təmayüllü liseyi qızıl medalla bitirmiş, 602 balla Milli Aviasiya Akademiyasının hüquq fakültəsinə qəbul olunmuş Fərəczadə Nübar Mübariz qızı, Züvüc kənd tam orta məktəbinin məzunu olmuş və Qarabağ Universitetinin menecment fakültəsinə qəbul olunmuş Hüseynli Elmina Ramil qızı və digərləri çıxış edərək gənclərin təhsil alması üçün ölkəmizdə yaradılan yüksək şəraitdən razılıqlarını bildiriblər, göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə, tələbələrlə görüşün keçirilməsinə görə isə rayon icra hakimiyyətinin rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Tələbələrlə səmimi söhbət edən rayon icra hakimiyyəti başçısı bir daha onları təbrik edərək, ali təhsil alaraq savadlı, bilikli, bacarıqlı gənc kadr kimi müstəqil Azərbaycanımızın inkişafı, tərəqqisi naminə görülən işlərdə layiqli töhfələr vermələrini arzulayıb.
Sonda ali məktəblərə qəbulda yüksək bal toplamış tələbələrə rayon icra hakimiyyəti tərəfindən təşəkkürnamə və hədiyyələr təqdim edilib.