Yeni körpü tikilərək əhalinin istifadəsinə verildi
Rayon icra hakimiyyəinin dəstəyi ilə 4 kəndi özündə birləşdirən, 3 minə yaxın əhalisi olan Livədirqə kənd inzibati ərazi dairəsinin sakinlərinin arzusu nəzərə alınaraq Əvilə kənd sakini, iş adamı Raqib Abbasovun yaxından köməyi ilə Əvilə kəndinə gedən yolun üzərində körpü inşa edilmişdir.
Əvilə kəndinin ərazisindən keçən çayın üzərində inşa edilmiş körpünün uzunluğu 8 metr, eni 4 metrdir. Körpü dəmir-beton konstruksiyadan istifadə edilərək inşa edilmişdir. Rayon icra hakimiyyəti başçısı səlahiyyətlərini icra edən Cəlil Baxşıyev, Milli Məclisin deputatı İqbal Məmmədovun, idarə, müəssisə və təşkilat rəhbərlərinin, ərazidə yaşayan ictimaiyyət nümayəndələrinin iştirakı ilə 04 iyul 2022-cü il tarixində körpünün açılışı həyata keçirildi.
Körpünün açılış mərasimində rayon icra hakimiyyəti başçısı səlahiyyətlərini icra edən Cəlil Baxşıyev, Milli Məclisin deputatı İqbal Məmmədov çıxış edərək kənd əhalisini körpünün açılış münasibətilə təbrik etdilər, körpünün tikintisinə təşəbbüs göstərmiş Raqib Abbasova və körpünün tikintisində zəhməti olan hər bir şəxsə minnətdarlıqlarını bildirdilər. Respublikada aparılan quruculuq-abadlıq işlərinin davamı kimi bu gün ucqar dağ rayonu olan Lerikdə görülən işlərdən söhbət açdılar, qarşıda duran vəzifələrdən danışdılar.
Livədirqə ərazi icra nümayəndəsi Davud Manafov, kənd sakini Raqib Abbasov çıxış edərək bu tədbirlərin əhalini sevincinə səbəb olduğunu bildirdilər, göstərilən diqqət və qayğıya görə cənab Prezidentə minətdarlıqlarını ifadə etdilər.
Körpünün rəmzi açılışını bildirən qırmızı lent kəsildikdən sonra körpü əhalinin istifadəsinə verildi,qurban kəsildi.