Yazıçı Qəni Camalzadə ilə görüş keçirildi
07 sentyabr 2022-ci ildə Lerik Rayon Mədəniyyət Mərkəzində Lerik Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı Qəni Camalzadə ilə rayon ictimaiyyətinin və ziyalıların görüşü keçirildi.
Öncə tədbir iştirakçıları Lerik şəhərindəki “Şəhidlər” abidə kompleksini və Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzdülər. Rayon mədəniyyət mərkəzinin foyesində yazıçının kitablarından ibarət sərgi ilə tanış oldular.
Rayon Mədəniyyət Mərkəzində davam etdirilən tədbirdə aparıcı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ağacəfər Həsənli yazıçı Qəni Camalzadənin həyat və yaradıcılığı haqqında söhbət açdı, əsərləri haqqında geniş məlumat verdi.
Tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov çıxış edərək qonaqları və tədbir iştirakçılarını salamladı. Yazıçı Qəni Camalzadənin əlamətdar gün münasibəti ilə təbrik etdi, gələcək yaradıcılıq işlərində ona uğurlar arzulayaraq xatirə hədiyyəsi təqdim etdi.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-kulturoloq Aydın Xan Əbilov, tarixçi Hüseynbala Əliyev, Əməkdar jurnalist İdris Şükürlü, şair Qəhrəman Əliyev, Azərbaycan Yazıçılar Birliyinin üzvü Hacı Mirzəxan Abbasov çıxış edərək Qəni Camalzadənin yaradıcılığını yüksək qiymətləndirdilər və ona yaradıcılığında uğurlar arzuladılar.
Sonda yazıçı Qəni Camalzadə çıxış edərək doğulub boya-başa çatdığı doğma rayonunda oxucularla təşkil edilən görüşə, haqqında deyilən xoş sözlərə və göstərilən diqqətə görə rayon rəhbərliyinə təşəkürünü bildirdi. Çıxışlarda ünvanına deyilmiş səmimi fikirlərə, yaradıcılığına verilən yüksək qiymətə görə minnətdarlığını ifadə etdi.
Tədbirin təşkilatçıları tərəfindən tədbirdə qonaq qismində iştirak edən şəhid ailələrinə diplomlar təqdim olundu.