Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı soyqırımının otuz dördüncü ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib

26 fevral 2026 | 15:56

Fevralın 26-da Xocalı soyqırımının otuz dördüncü ildönümü münasibətilə Lerik Rayon Heydər Əliyev Mərkəzində dəyirmi masa keçirilib.

Əvvəlcə Xocalı soyqırımı qurbanlarının, Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad edilib, Xocalı soyqırımına həsr olunan film nümayiş etdirilib.

Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova çıxış edərək bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq, Xankəndi şəhərində yerləşən 366-cı alayın iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq, 70 qoca olmaqla, 613 şəxs məhz azərbaycanlı olduqlarına görə ağlasığmaz vəhşiliklə qətlə yetirilmiş, 487 dinc sakin ağır yaralanmış, 1275 nəfər isə girov götürülmüşdür. 2020-ci il sentyabrın 27-də ölkə Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu qısa müddətdə, cəmi 44 gün ərzində mənfur düşməni darmadağın edərək torpaqlarımızı işğaldan azad etməklə, ona layiq olduğu yeri göstərdi. Vətən müharibəsində düşmən qüvvələrinin məhv edilərək ağır məğlubiyyətə uğradılması, 2023-cü il sentyabrın 19­­–20-də antiterror əməliyyatı nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi ilə böyük tarixi həqiqətin bərpa edilməsi həm də Xocalı soyqırımı və zaman-zaman vəhşi düşmən tərəfindən törədilən qətliamların qurbanlarının qisasının alınması ilə yaddaşlarda qalacaq. Prezident cənab İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Artıq Xocalı şəhərinə və Xocalı rayonunun bir neçə kəndinə yerli sakinlərin qayıdışı başlayıb. Bu gün Xocalı şəhidlərinin, ümumiyyətlə, Vətən uğrunda canından keçən bütün qəhrəman Azərbaycan övladlarının ruhu şaddır.

Tədbirdə çıxış edənlər Xocalı faciəsinin bütün dünyada soyqırımı aktı kimi tanınması, erməni terrorizminin mahiyyətinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində Azərbaycan dövləti, Heydər Əliyev Fondu və müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları tərəfindən ardıcıl iş aparıldığını, müxtəlif tədbirlər keçirildiyini, işğal altında olan ərazilərin azad edilməsi ilə tarixi ədalətin bərpa edildiyini, müzəffər Azərbaycan Ordusunun 44 günlük hərbi əməliyyatlar zamanı məhv etdiyi terrorçular sırasında Xocalı soyqırımının təşkilaçılarının da olduğunu, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı sülh və insanlıq əleyhinə müxtəlif cinayətlərin törədilməsində iştirak etmiş bir qrup şəxs barəsində 2026-cı il fevralın 5-də məhkəmə hökmünün qəbul olunduğunu, bu gün Azərbaycan dövlətinin sülh danışıqlarının, əməkdaşlığın təşəbbüskarı olduğunu bildiriblər.

Keçidlər