Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Vıjaker kəndində şəhidin xatirəsinə inşa edilmiş bulaq kompleksinin açılışı oldu

19 iyul 2022 | 17:12

19 iyul 2022-ci il tarixində rayonun Vıjaker kəndində I Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalmış Şərifov İlham Sahib oğlunun xatirəsinə inşa edilmiş bulaq kompleksinin açılışı oldu. Açılış mərasimində Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev, Milli Məclisin deputatı İqbal Məmmədov, rayonun hüquq mühafizə orqanlarının, idarə müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri və kənd ictimaiyyətinin nümayəndələri iştirak etdilər.

Açılış mərasimində öncə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev, Milli Məclisin deputatı İqbal Məmmədov və şəhidin qardaşı tərəfindən bulaq kompleksinin üzərindən örtük götürüldü, önündə gül-çiçək dəstələri qoyuldu.

Bulaq kompleksinin önündə davam etdirilən mərasimdə çıxış edən rayon icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev şəhid ailələrini və kənd sakinlərini salamladı və bulağın tikintisində dəstək göstərən və zəhməti olan hər kəsə minnətdarlığını ifadə etdi. Bildirdi ki, Vətən müharibəsinin 44 günü ərzində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı azad etdi. Bu müharibədə xalqımız Ali Baş Komandanının rəhbərliyi və ordumuzun şücaəti ilə qalib tərəf kimi tarix yazdı və Birinci Qarabağ müharibəsində şəhid olmuş Vətən övladlarımızın qisasını aldı. Həm Birinci Qarabağ, həm də Vətən müharibəsində Lerik rayonundan olan qəhrəman oğullarımız da hərbi əməliyyatlarda misilsiz rəşadət nümayiş etdirmişlər.

Sonra C.Baxşıyev işğaldan azad edilmiş torpaqlarda cənab Prezidentin nəzarəti ilə aparılan abadlıq-quruculuq işləri barədə tədbir iştirakçılarına geniş məlumat verdi.

Mərasimdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı İqbal Məmmədov çıxış edərək rayonumuzda şəhidlərin həyatı və döyüş yoluna həsr olunan tədbirlərin mütəmadi olaraq keçirildiyini vurğuladı və şəhidlərimizin qəhrəmanlığı, şücaəti, fədakarlığının hər bir azərbaycanlı üçün daim bir örnək olacağını diqqətə çatdırdı. Bulaq kompleksinin inşa edilməsində dəstək göstərən və zəhməti olan hər kəsə minnətdarlığını bildirdi.

Daha sonra digər çıxış edənlər ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinin həmişə ehtiramla yad edildiyini qeyd etdilər, xalqımızın şəhidlər ilə qürur duyduğunu vurğuladılar.

Sonda şəhidin qardaşı Nobətəli Şərifov şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə etdi, tədbir iştirakçılarına şəhid qardaşına ehtiram olaraq tədbirdə iştiraklarına görə ailəsi adından təşəkkürünü bildirdi.

Keçidlər