“Vətənpərvər Azərbaycan gəncliyi – Sağlam gənclik, sağlam gələcək” mövzusunda tədbir keçirilib
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Lerik Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Lerik Rayon Mədəniyyət Evində “Vətənpərvər Azərbaycan gəncliyi – Sağlam gənclik, sağlam gələcək” mövzusunda tədbir keçirilib. Tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Çağırışaqədərki hazırlıq idarəsinin rəisi Füzuli İsmayılov, Dövlət Xidmətinin İctimaiyyətlə iş və beynəlxalq əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov, Dövlət Xidmətinin Lerik rayon şöbəsinin rəisi Fərman Məmmədov, Lənkəran–Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə və digər şəxslər iştirak ediblər.
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov açılış nitqi ilə çıxış edərək bildirib ki, Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonrakı ilk illərdə ölkəmizin ağır vəziyyətindən istifadə edən Ermənistan onu müdafiə edən havadarlarının dəstəyi ilə torpaqlarımızın bir hissəsini işğal etdi. Həmin ağır dövrdə xalqın təkidi ilə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev ilk növbədə atəşkəsə nail oldu və bununla da, ordumuzun yenidən təşkilinə və güclənməsinə nail oldu. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə ordu quruculuğu prosesi uğurla davam etdirildi. Bütün bunların məntiqi nəticəsi olaraq, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən ölkəmizin ərazi bütövlüyümüzün bərpası hər bir vətəndaşda böyük qürur hissi oyatdı. Bu gün Azərbaycan Ordusu qarşıda duran bütün vəzifələri icra etməyə qadir bir ordudur. Ölkəmizdə ordu quruculuğu, hərbi qulluqçuların peşəkarlığının daha da artırılması istiqamətdə işlər bu gün də davam etdirilir.
Çağırışçı gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi istiqamətində bütün respublikada olduğu kimi, Lerik rayonunda da müvafiq tədbirlər həyata keçirilir. Çağırışyaşlı gənclərin hərbi xidmətə hazırlanması, Vətənə məhəbbət ruhunda tərbiyə edilməsi, onlarda xalqa və dövlətçilik ideyalarına hörmət hisslərinin gücləndirilməsi, habelə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əldə etdiyi nailiyyətlərin, xalqımızın qəhrəmanlıq nümunələrinin təbliği məqsədilə onların Vətən müharibəsi iştirakçıları ilə görüşlərinin mütəmadi olaraq keçirilməsi daim diqqət mərkəzində saxlanılır. Bugünkü görüş də gənclərdə vətənpərvərlik hissinin artmasına müsbət təsir göstərən tədbirlərdəndir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Çağırışaqədərki hazırlıq idarəsinin rəisi Füzuli İsmayılov, Dövlət Xidmətinin İctimaiyyətlə iş və beynəlxalq əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov müharibə zamanı gənclərin vətənpərvərliyindən, sabahın əsgəri olacaq çağırışçıların fiziki və psixoloji statuslarının yüksək səviyyədə saxlanılması istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb, ölkəmizdə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi və “İnsan Hüquqları Aylığı” ilə əlaqədar geniş məlumat təqdim edib, gənclərə tövsiyə və məsləhətlərini veriblər.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin rəisi polkovnik Fərman Məmmədov ilkin hərbi qeydiyyat, tibbi şəhadətləndirmə, çağırışçıların hüquq və vəzifələri barədə geniş məlumat verib, tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.
Tədbirdə Vətən müharibəsi iştirakçısı Atif Musayev, şəhid atası Hüseynverdi Rəhmətov çıxış edərək öz təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüblər.