Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Vətən Müharibəsi Qəhrəmanı, şəhid mayor Amid Heydərovun adı əbədiləşdirildi

20 may 2022 | 17:17

2022-ci il mayın 20-də Vətən Müharibəsi Qəhrəmanı, şəhid mayor Amid Heydərovun doğum günü və  Lerik şəhər 2 saylı körpələr evi- uşaq bağçasına adının verilməsi münasibətilə tədbir keçirildi.

Tədbir iştirakçıları əvvəlcə şəhidin məzarını və Lerik şəhərində ucaldılmış büstünü ziyarət edərək xatirəsini ehtiramla yad etdilər.

Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilən tədbirdə Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Sonra Vətən Müharibəsi Qəhrəmanı Amid Heydərovun körpələr evi-uşaq bağçasının girişindəki baralyefinin üzərindən örtük götürüldü, önündə gül-çiçək dəstələri qoyuldu.

Tədbirin aparıcısı tərəfindən şəhidin həyatı və döyüş fəaliyyəti haqqında ətraflı məlumat verildi. Bildirildi ki, Heydərov Amid Rəbbil oğlu 1988-ci il mayın 20-də Lerik şəhərində anadan olmuşdur. 1995-2006-cı illərdə Valeh İbrahimov adına Lerik şəhər orta internat məktəbində təhsil almış, 2006-cı ildə Bakıda Ali Hərbi Akademiyaya qəbul olmuşdur. 2010-cu ildə Ali Hərbi Akademiyanı bitirmiş Amid Heydərov Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinə taqım komandiri təyin olunmuşdur. 2015-ci ildə “baş leytenant” hərbi rütbəsi almış, 4 il bölük komandiri vəzifəsində işləmişdir. 2016-cı ilin Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad edilməsində iştirak etmiş, göstərdiyi xüsusi qəhrəmanlığa görə ona Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığı ilə vaxtından əvvəl “kapitan” hərbi rütbəsi verilmişdir. Amid Heydərov 2020-ci ilin iyul ayında Tovuz döyüşlərinin də iştirakçısı olmuşdur. Döyüşlərdə fəal iştirak etdiyinə görə ona “mayor” hərbi rütbəsi verilmiş və o, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin komandiri vəzifəsinə təyin edilmişdir.

Mayor Heydərov Amid Rəbbil oğlu Vətən müharibəsində Lələtəpə istiqamətindən başlayaraq Cəbrayıl rayonunun 8 kəndinin işğaldan azad olunmasında fəal iştirak etmiş, böyük şücaət göstərərək düşmənin çoxlu sayda tankını və digər döyüş texnikalarını sıradan çıxarmışdır. Cəbrayıl rayonunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 2020-ci il oktyabrın 3-də Lerik şəhərində dəfn edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 9 dekabr tarixli 2336 nömrəli Sərəncamı ilə mayor Heydərov Amid Rəbbil oğluna ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmişdir. Mayor Heydərov Amid Rəbbil oğlu Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 dekabr tarixli 2349 nömrəli Sərəncamı ilə “Vətən uğrunda”, 2020-ci il 24 dekabr tarixli 2358 nömrəli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” və 2021-ci il 05 noyabr 2987 nömrəli Sərəncamı ilə “Fizulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev çıxış edərək bildirdi ki, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının əziz xatirəsi həmişə ehtiramla yad edilir, onların keçdiyi döyüş yolu bir nümunə kimi təbliğ olunur. Xalqımız Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə dəmir yumruq kimi birləşərək İkinci Qarabağ müharibəsinin qalib tərəfi kimi tarix yazdı, işğal altında olan torpaqlarımızın azad edilməsinə nail oldu. Çoxlarımız şahidik ki, həmin günlərdə ehtiyatda olan hərbi vəzifəli vətəndaşlar da böyük vətənpərvərlik nümayiş etdirərək, hərbi əməliyyatlarda iştirak etmək üçün könüllü şəkildə müraciətlər edirdilər. Vətən müharibəsində Lerik rayonundan olan qəhrəman oğullarımız da Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında hərbi əməliyyatlarda misilsiz rəşadət nümayiş etdirdilər və öz qanları bahasına Vətən torpaqlarını azad etdilər. Möhtəşəm qələbənin əldə edilməsində leriklilərin də imzası vardır. Şəhid mayor Heydərov Amid Rəbbil oğlu da belə qəhrəman oğullarımızdan biridir. Şəhid Amid Heydərovun döyüş fəaliyyəti, göstərdiyi qəhrəmanlıq dövlət tərəfindən yüksək qiymətləndirilmiş, cənab Prezidentin müvafiq sərəncamları ilə ona ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş, “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Hamımızın borcudur ki, şəhidimizin həyatı və keçdiyi döyüş yolu həmişə təbliğ olunsun.

Sonra C.Baxşıyev “Fizulinin azad olunmasına görə” medalını şəhidin oğluna təqdim etdi.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin rəisi polkovnik Arif Həsənov çıxış edərək ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinin həmişə ehtiramla yad edildiyini, şəhidlərin adlarının əbədiləşdirildiyini qeyd etdi.

Tədbirdə şəhid Amid Heydərovun döyüş yoldaşları mayor Şəhriyar Quliyev, mayor Elmar İsmayılov və leytenant Röyal Rəhimov, təhsil işçisi Hüseynbala Əliyev, şəhər 1 saylı texniki fənlər təmayüllü liseyin direktoru Gültəkin Şıxəliyeva çıxış edərək şəhid Amid Heydərovu çox yaxından tanıdıqlarını, onun həmişə haqq-ədalətə böyük önəm verdiyini, peşəkar hərbçi kimi uğurlu döyüş əməliyyatlarında böyük qəhrəmanlıq göstərərək canından keçdiyini, rəşadətli Vətən övladlarının döyüş yolunun gələcək nəsillərə həmişə örnək olacağını bildirdilər.

Şəhidin atası Rəbbil Heydərov çıxış edərək bildirdi ki, oğlu hələ uşaq yaşlarından hərb sənətinə böyük maraq göstərir, hərbçi olmağı arzulayırdı. General Həzi Aslanovun döyüş yolunu özü üçün nümunə götürmüşdü və onun kimi general olmaq istəyirdi. Amid Heydərov Vətənə ləyaqətlə xidmət etdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilmiş “Dəmir yumruq” əməliyyatında düşmən məğlub edildi, uzun müddət işğal altında qalmış torpaqlarımız azad edildi.

Tədbirdə məktəblilərin ifasında şəhid Amid Heydərov haqqında yazılmış şeirlər səsləndirildi. Gənc yazar Tural Əliyev şəhid haqqında qələmə aldığı “Mən general olacağam” adlı kitabını şəhidin atası Rəbbil Heydərova təqdim etdi.

Keçidlər