Vətən Müharibəsi Qəhramanı, şəhid mayor Amid Heydərovun əziz xatirəsi yad edilib
03 oktyabr 2023-cü il tarixində Vətən Müharibəsi Qəhramanı, şəhid mayor Amid Heydərovun şəhadətinin üçüncü ildönümünü ilə əlaqədar Lerik şəhərində anım tədbiri keçirilib.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailə üzvləri və rayon ictimaiyyəti iştirak ediblər.
Öncə tədbir iştirakçıları şəhidin məzarını və büstünü ziyarət edərək xatirəsini ehtiramla yad ediblər.
Şəhidin adını daşıyan parkda Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi davam edilən tədbirdə Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Vətən Müharibəsi Qəhramanı, şəhid mayor Amid Rəbbil oğlu Heydərovun həyatı və döyüş yolu haqqında ətraflı məlumat verilib.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov çıxış edərək bildirib ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının əziz xatirəsi həmişə ehtiramla yad edilir, onların keçdiyi döyüş yolu bir nümunə kimi təbliğ olunur. Xalqımız Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə dəmir yumruq kimi birləşərək İkinci Qarabağ müharibəsinin qalib tərəfi kimi tarix yazdı, işğal altında olan torpaqlarımızın azad edilməsinə nail oldu. Lerik rayonundan olan qəhrəman oğullarımız da Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında hərbi əməliyyatlarda misilsiz rəşadət nümayiş etdirdilər və öz qanları bahasına Vətən torpaqlarını azad etdilər. Şəhid mayor Amid Heydərov da belə qəhrəman oğullarımızdan biridir. Şəhid Amid Heydərovun döyüş fəaliyyəti, göstərdiyi qəhrəmanlıq dövlət tərəfindən yüksək qiymətləndirilmiş, cənab Prezidentin müvafiq sərəncamları ilə ona ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Fizulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Amid Heydərovun adının əbədiləşdirilməsi ilə əlaqədar dövlət tərəfindən bir sıra tədbirlər həyata keçirilmiş, Lerik şəhər 2 saylı körpələr evi- uşaq bağçasına və büstü ucaldılmış parka onun adı verilmişdir. Hamımızın borcudur ki, şəhidimizin həyatı və keçdiyi döyüş yolu həmişə təbliğ olunsun.
Tədbirdə şəhid atası Mükafat Yaqubov, Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov çıxış edərək ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinin həmişə ehtiramla yad edildiyini, şəhidlərin doğum və anım günləri münasibətilə mütəmadi tədbirlərin keçirildiyini, onların keçdiyi döyüş yolunun təbliğ olunduğunu bildiriblər. Şəhidlərin əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını, onların döyüş yolunun gələcək nəsillərə həmişə örnək olacağını vurğulayıblar.
Şəhidin atası Rəbbil Heydərov şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
Tədbirdə leytenant Arif Nuriyev adına Lerik şəhər 1 saylı tam orta məktəbin şagirdi Nübar Fərəczadənin ifasında Qəhrəmana həsr olunmuş şeir səsləndirilib.
Sonra rayon icra hakimiyyəti başçısı Ə.Abbasov şəhidin ailə üzvləri ilə görüşüb səmimi söhbət edib, qayğı və problemləri ilə maraqlanıb.