Vətən Müharibəsi Qəhrəmanı, şəhid mayor Amid Heydərovun doğum günündə xatirəsi yad edilib
20 may 2024-cü il tarixində Vətən Müharibəsi Qəhrəmanı, şəhid mayor Amid Heydərovun doğum günü əlaqədar tədbir keçirilib.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailə üzvləri, şəhidin döyüş yoldaşları və rayon ictimaiyyəti iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə şəhidin məzarını və adına olan parkda ucaldılmış büstünü ziyarət edərək xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra şəhidin həyatı və döyüş fəaliyyəti haqqında ətraflı məlumat verilib.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov çıxış edərək bildirib ki, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının əziz xatirəsi həmişə ehtiramla yad edilir, onların keçdiyi döyüş yolu bir nümunə kimi təbliğ olunur. Vətən müharibəsində Lerik rayonundan olan qəhrəman oğullarımız da Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında hərbi əməliyyatlarda misilsiz rəşadət nümayiş etdiriblər və öz qanları bahasına Vətən torpaqlarını azad ediblər. Şəhid mayor Heydərov Amid Rəbbil oğlu da belə qəhrəman oğullarımızdan biridir. Şəhid Amid Heydərovun döyüş fəaliyyəti, göstərdiyi qəhrəmanlıq dövlət tərəfindən yüksək qiymətləndirilmiş, cənab Prezidentin müvafiq sərəncamları ilə ona ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Sonda şəhidin atası Rəbbil Heydərov çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qağıya görə ölkə rəhbəri cənab İlham Əliyevə minnətdarlığını bildirib.