“Şuşa İli” ilə əlaqədar tədbir keçirildi
“Şuşa İli” ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq mayın 19-da Lerik rayonunda Lerik Rayon İcra Hakimiyyətinin və Lerik Rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə vətənpərvərlik mövzusunda və Şuşa şəhərinin tarixi haqqında yazılmış kitablardan ibarət sərgi və ədəbi-bədii tədbir keçirildi. Tədbirdə Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev, idarə, müəssisə və təşkilatların əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Öncə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə rayon icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev çıxış edərək 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun işğal altındakı torpaqlarımızı azad etdiyini, bu möhtəşəm qələbənin şəhidlərimizin qanı, canı bahasına əldə edildiyini, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinin həmişə ehtiramla yad edildiyini, Vətən müharibəsində qəhrəman oğullarımızın nümayiş etdirdikləri misilsiz rəşadətin xalqımızı qürurlandırdığını, rəşadətli Vətən övladlarının döyüş yolunun, onların şücaətinin, fədakarlığının gələcək nəsillərə həmişə örnək olacağını vurğuladı.
Sonra natiq çıxışında bildirildi ki, həm Birinci, həm də İkinci Qarabağ müharibəsində Lerik rayonundan olan qəhrəman oğullarımız da hərbi əməliyyatlarda misilsiz rəşadət nümayiş etdirmişlər. Minlərlə hərbçimiz yüksək dövlət orden və medalları ilə təltif edilmişdir. Cənab Prezidentin müvafiq sərəncamları ilə “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş, müxtəlif orden və medallarla təltif edilmiş hərbi qulluqçuların arasında leriklilərin də adları vardır. Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsi həmişə ehtiramla yad edilir, şəhidlərin həyatı və döyüş yoluna həsr olunan tədbirlər mütəmadi olaraq keçirilir.
Vətən müharibəsində, 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad edildi. Prezident İlham Əliyev Şuşa şəhərinin işğaldan azad edildiyi həlledici gündə ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdikdən sonra xalqa müraciətində həm də ulu öndərin arzusunun həyata keçirildiyini bəyan etdi.
Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 may tarixli 2632 nömrəli Sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edildi.
Tədbirdə Lerik Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı Xoşavaz Feyziyeva çıxışında təməli 1752-ci ildə Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd edilən Şuşa şəhərinin yaranma tarixindən, Şuşa haqqında olan kitablardan danışdı, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın ədəbiyyatımıza, incəsənətimizə, tariximizə, siyasətimizə bəxş etdiyi simalardan bəhs etdi.
Sonda rayonun mədəniyyət işçilərinin ifasında vətənpərvərlik mövzusunda mahnılar, məktəblilərin ifasında şeirlər səsləndirildi.