Siyov kəndində şəhidlərin xatirəsinə inşa edilmiş “Şəhidlər ölməz” abidə kompleksinin açılışı oldu
18 avqust 2022-ci il tarixdə rayonun Siyov kəndində I Qarabağ və Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış şəhidlərin xatirəsinə inşa edilmiş “Şəhidlər ölməz” abidə kompleksinin açılışı oldu.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilən tədbirdə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov və şəhid valideyinləri tərəfindən abidə kompleksinin üzərindən örtük götürüldü, önündə gül-çiçək dəstələri qoyuldu.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov şəhid ailələrini və kənd sakinlərini salamladı və abidə kompleksinin tikintisində dəstəy göstərən hər kəsə minnətdarlığını ifadə etdi. Bildirdi ki, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş vətən övladlarının xatirəsi daim əziz tutulur, onların adının əbədiləşdirilməsi üçün dövlət tərəfindən müxtəlif tədbirlər həyata keçirilir və şəhid ailələri hər zaman diqqət mərkəzində saxlanılır. Həmçinin bu istiqamətdə xalqımızın mərd övladları, ictimaiyət nümayəndələri, eləcə də sahibkarlar da müəyyən işlər həyata keçirirlər. Bu istiqamətdə respublikada olduğu kimi Leik rayonunda da müxtəlif işlər icra edilmiş, vətən uğrunda şəhid olmuş övladlarımızın xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə bir neçə xatirə abidə kompleksləri inşa olunmuşdur. Bu tədbirlər silsiləsindən olmaqla Siyov kəndində kənd ictimaiyyətinin nümayəndələrinin maliyyə dəstəyi və bu ərazidən olan sahibkarların, eləcə də rayon icra hakimiyyətinin təşkilatçılığı ilə belə abidə kompleksi inşa edilmişdir.
Mərasimdə kənd ağsaqqalı Əlimusa Zeynalov, ehtiyatda olan polkovnik Hikmət Ağayev, Vətən müharibəsi şəhidi Vidadi Cabbarovun atası Cəbrayıl Cabbarov çıxış edərək ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinin həmişə ehtiramla yad edildiyini qeyd etdilər, xalqımızın şəhidlər ilə qürur duyduğunu vurğuladılar.
Şəhidin qardaşı Bəxtiyar Bayramov çıxışında şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə etdi.
Sonda Mehman Qafarov adına Siyov kənd tam orta məktəbinin şagirdlərinin ifasında şəhidlərə həsr olunmuş kompazisiya səsləndirildi.