Şəhidmizin anım mərasimi keçirildi
07 may 2022-ci il tarixdə Lerik rayonunun Anbu kəndində şəhid kapitan Rəhmətov Əbülfəz Hüseynverdi oğlunun il mərasimi keçirildi.
Şəhid Əbülfəz Rəhmətov müzəffər Azərbaycan Ordusunun işğalçı düşmən üzərində zəfər soraqlı qələbəsi ilə başa çatmış 44 günlük Vətən müharibəsində qəhrəmancasına həlak olan şəhidlərdən biridir. Azərbaycan Ordusunun kapitanı, “N” saylı hərbi hissənin qərargah rəisi olan Əbülfəz Rəhmətov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Əbülfəz Rəhmətov oktyabrın 16-da Cəbrayıl istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olmuşdur. Ailəli idi, 2 övladı yadigar qaldı. Şəhidin nəşi Ambu kənd qəbiristanlığında torpağa tapşırılıb. Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı, 05.11.2021-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalıları ilə təltif edilib.
Şəhidin il mərasimində Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşiyev, Milli Məclisin deputatı İqbal Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak edərdilər. Mərasim iştirakçıları şəhidin məzarını ziyarət edərək, üzərinə gül-çiçək düzdülər, şəhidlərimizin əziz xatirələrini böyük hörmət və ehtiramla yad etdilər, ruhlarına dualar oxudular. Daha sonra şəhid ailələsini ziyarət edərək, ailə üzvlərinə dərin hüznlə baş sağlığı verdi, onların qayğı və problemləri ilə maraqlandılar.