Şəhid Savalan Qafarovun anadan olmasının 20 illiyinə həsr olunmuş anım tədbiri keçirilib
2023-cü il dekabrın 11-də Cəngəmiran kəndində şəhid Savalan Qafarovun anadan olmasının 20 illiyinə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbir iştirakçıları əvvəlcə kənddəki “Şəhidlər” abidə kompleksini ziyarət ediblər.
Cəngəmiran kənd mədəniyyət evində davam etdirilən tədbirdə Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Birinci Qarabağ müharibəsi veteranı Müşfiq Məmmədov şəhidin həyatı və döyüş yolu haqqında məlumat verərək bildirib ki, Savalan İsfəndiyar oğlu Qafarov 2003-cü ildə Cəngəmiran kəndində anadan olmuşdur. 2020-ci ildə Bakı şəhəri Xəzər rayonunun Binə qəsəbəsindəki 218 nömrəli tam orta məktəbi bitirmiş, daha sonra Texniki Kollecdə təhsil almışdır. 2022-ci ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. Savalan Qafarov Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 2023-cü il sentyabrın 19–20-də Qarabağ bölgəsində həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatları zamanı şəhid olmuşdur. Binə qəsəbəsinin Şəhidlər xiyabanında dəfn olunmuşdur. Şəhid əsgər Qafarov Savalan İsfəndiyar oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərdiyinə, xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 7 noyabr tarixli 4158 nömrəli Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.
Daha sonra şəhid Savalan Qafarova həsr olunmuş videoçarx nümayiş etdirilib.
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov çıxış edərək, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda döyüşlərdə, o cümlədən Birinci Qarabağ müharibəsində, Aprel döyüşlərində, Vətən müharibəsində, eləcə də son antiterror əməliyyatlarında Lerik rayonundan olan qəhrəman oğullarımızın da misilsiz rəşadət nümayiş etdirdiyini, “Azərbaycanın Milli Qəhrəmanı” və “Vətən Müharibəsi Qəhrəmanı” adları verilmiş, müxtəlif orden və medallarla təltif edilmiş hərbi qulluqçuların sırasında leriklilərin də adlarının olduğunu, qəhrəman şəhidlərimizin xatirəsinin daim ehtiramla yad edildiyini, şəhidlərimizin həyatı və keçdiyi döyüş yolunun həmişə təbliğ olunduğunu bildirib.
Tədbirdə Vətən Müharibəsi Qəhrəmanı, şəhid mayor Amid Heydərovun atası Rəbbil Heydərov, kənd ziyalıları adından Əfqan Həsrətov, Hacı Adil Səmədov və Müqəddəs Feyruzov çıxış edərək, hər bir şəhidimizin xatirəsinin xalqımız üçün əziz olduğunu, şəhidlərimizin qəhrəmanlığının, şücaətinin, fədakarlığının hər bir azərbaycanlı üçün daim bir örnək olacağını vurğulayıblar.
Tədbirdə Cəngəmiran kənd tam orta məktəbinin şagirdlərinin ifasında şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib, şəhidin xatirəsinə həsr olunmuş şahmat, dama və inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb, şəhidin ailəsinə xatirə hədiyyəsi təqdim olunub.