Şəhid Sadiq Rəhimov və Elqaş Əliyevin xatirəsi üçüncü ildönümündə anılıb
İllər ötsə də şəhidlər heç vaxt unudulmur, həmişə minnətdarlıq duyğuları ilə yada salınır, xatirələrinə dərin ehtiram bəslənilir.
Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda canından keçən igid oğullarımızdan Rəhimov Sadiq Nadir oğlunun və Əliyev Elqaş Barat oğlunun əziz xatirəsi şəhidlik zirvəsinə ucalmasının üçüncü ildönümündə anılıb.
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri ilə birlikdə Vətən müharibəsi şəhidləri, rayonun Veri Əliabadı kəndində Sadiq Rəhimovun və Brkandul kəndində Elqaş Əliyevin şəhadətə qovuşmasının üçüncü ildönümü ilə əlaqədar məzarları ziyarət olunub, üzərlərinə gül dəstələri düzərək əziz xatirələri ehtiramla yad edilib.
Eyni zamanda torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan Brkandul kəndində Həsənov Zaid Şahverdi oğlunun və Nəciyev Ənvər Xosaxan oğlunun məzarları ziyarət olunub, üzərlərinə gül dəstələri düzərək xatirələri yad edilib.
Rayon icra hakimiyyətinin başçısı Ə.Abbasov mərasimlərdə iştirak edən şəhid ailə üzvləri ilə görüşüb, onlarla səmimi söhbət edib, onların qayğı və problemləri ilə maraqlanıb.
Qeyd edək ki, şəhid Sadiq Rəhimov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocəvəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə, şəhid Elqaş Əliyev isə “Vətən uğrunda”, “Xocəvəndin azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunublar.