Rvarud kəndində sakinlərin müraciət və təklifləri dinlənilib
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov növbəti səyyar qəbulunu Rvarud kəndində keçirib. Qəbulda rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların rəhbər işçiləri, Çayrud kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Rvarud, Çayrud, Andurma, Piyəkücə, Anzolu və Təngəbin kəndlərinin sakinləri iştirak edib.
Rayon icra hakimiyyəti başçısı qəbulda çıxış edərək bildirib ki, cənab Prezidentin tapşırığına əsasən yerlərdə əhali ilə keçirilən görüşlərdə əsas məqsəd mövcud vəziyyəti kənd sakinlərinin dilindən öyrənmək, həlli mümkün olan məsələləri yerində həll etmək və ehtiyac olduğu halda aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaqdır.
Sakinlər tərəfindən elektrik təsərrüfatının yenilənməsi, qış-otlaq sahələrinin ayrılması, avtomobil yollarının əsaslı təmiri və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndirilib.
Sakinlərin təklif və problemlərini dinləyən rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyatı təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını verib.