Rayon icra hakimiyyətinin başçısı tərəfindən Lerik şəhərində səyyar görüş-qəbul keçirilib
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov Lerik şəhərində səyyar qəbul keçirib.
Qəbulda Milli Məclisin deputatı, millət vəkili İqbal Məmmədov, rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların rəhbər işçiləri , Lerik şəhərinin və Hıramo kəndinin sakinləri iştirak edib.
Rayon icra hakimiyyətinin başçısı ölkə rəhbərinin tapşırığına uyğun olaraq səyyar qəbullarının keçirilməsinin əhəmiyyətindən söz açaraq bildirib ki, qarşıya qoyulmuş əsas vəzifə, vətəndaşları narahat edən məsələləri yerində öyrənmək və qanunamüvafiq qaydada həlli tədbirlərini müəyyən etməkdən ibarətdir.
Qəbul zamanı şəhər sakinlərinin şikayət və təklifləri dinlənilib. Müraciətlər əsasən şəhərdə idman kompleksinin tikintisi, şəhərdaxili avtomobil yollarında piyada zolaqlarının çəkilməsi, küçələrin asfaltlaşdırılması, işıqlandırılması və digər sosial məsələlərlə bağlı olub.
Səyyar görüş-qəbulda vətəndaşların səsləndirdikləri problemlər ayrı-ayrılıqda dinlənilib, problemlərin və onların həlli yollarının araşdırılması üçün görüləcək tədbirlər qeyd olunaraq müvafiq qurumlara tapşırıqlar verilib.