Rayon icra hakimiyyətinin başçısı tərəfindən Hücü kəndində səyyar görüş-qəbul keçirilib
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov 28 sentyabr 2023-cü il tarixində növbəti səyyar qəbulunu Hücü kəndində keçirib. Qəbulda rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların rəhbər işçiləri, eləcə də Tikəband kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Hücü, Davradibi, Dico, Nıso, Təndul, Tikəband və Zardoni kəndlərinin sakinləri iştirak edib.
Rayon icra hakimiyyəti başçısı qəbulda çıxış edərək bildirib ki, cənab Prezidentin tapşırığına əsasən yerlərdə əhali ilə keçirilən görüşlərdə əsas məqsəd mövcud vəziyyəti kənd sakinlərinin dilindən öyrənmək, həlli mümkün olan məsələləri yerində həll etmək və ehtiyac olduğu halda aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaqdır.
Sonra rayon rəhbəri Prezident cənab İlham Əliyevin komandanlığı ilə sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsində lokal xarakterli antiterror əməliyyatlarının uğurla başa çatması və qanunsuz silahlı birləşmələrin tərk-silah olmaları barədə danışıb.
Səyyar görüş-qəbulda vətəndaşların səsləndirdikləri problemlər ayrı-ayrılıqda dinlənilib, problemlərin və onların həlli yollarının araşdırılması üçün görüləcək tədbirlər qeyd olunaraq müvafiq qurumlara tapşırıqlar verilib.