Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov növbəti səyyar qəbulunu Sivəkəran kəndində keçirib
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov Sivəkəran kəndində səyyar qəbul keçirib. Qəbulda Vizəzəmin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Sivəkəran, Vizəzəmin, Almu, Bibiyani, Cəngənəvud, Hamarmeşə, Haran, Kıncıvo, Kornədi, Peştətük, Sipyəreqon və Təbrizli kəndlərinin sakinləri iştirak edib.
Qəbulda çıxış edən rayon icra hakimiyyəti başçısı Əkbər Abbasov bildirib ki, səyyar görüşlərdə əsas məqsəd kəndlərdəki mövcud vəziyyəti sakinlərin dilindən öyrənərək həlli mümkün olan məsələləri yerində həll etmək, ehtiyac olduğu halda aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaqdır.
Həmçinin rayon rəhbəri Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti portalı barədə vətəndaşlara məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ portalından istifadə etmələrini tövsiyə edib.
Qəbulda müraciət və təkliflər dinlənilib. Sakinlər kəndlərarası yolun təmiri, elektrik təsərrüfatının yenilənməsi, kəndlərin qazlaşdırılması və bir neçə fərdi müraciət səsləndiriblər.
Səyyar görüş-qəbulda vətəndaşların səsləndirdikləri problemlər ayrı-ayrılıqda dinlənilib, problemlərin və onların həlli yollarının araşdırılması üçün görüləcək tədbirlər qeyd olunaraq müvafiq qurumlara tapşırıqlar verilib.