Növbəti səyyar qəbul Monidigah və Mastail kəndlərində keçirilib
Lerik Rayon İcra Hakimiyyəti başçısının 2022-ci ilin oktyabr ayında yerlərdə keçirəcəyi səyyar qəbullara dair qrafikə uyğun olaraq rayon icra hakimiyyəti başçısı Əkbər Abbasov 13 oktyabr 2022-ci il tarixində Monidigah və Mastail kəndlərinin sakinləri ilə səyyar görüş-qəbul keçirib.
Görüşdə çıxış edən rayon icra hakimiyyəti başçısı Əkbər Abbasov görüş iştirakçılarını salamlayaraq bildirib ki, cənab Prezidentin tapşırığına əsasən yerlərdə əhali ilə keçirilən səyyar görüş-qəbullarda əsas məqsəd yerlərdəki mövcud vəziyyəti sakinlərin dilindən öyrənərək həlli mümkün olan məsələləri yerində həll etmək, ehtiyac olduğu halda aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaqdır.
Səyyar görüş-qəbulda vətəndaşların səsləndirdikləri problemlər ayrı-ayrılıqda dinlənilib, problemlərin və onların həlli yollarının araşdırılması üçün görüləcək tədbirlər qeyd olunub və müvafiq qurumlara tapşırıqlar verilib.
Qəbuldan sonra rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov Mastail kəndində I Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalmış Dənziyev Nail Fail oğlunun anası 86 yaşlı Dənziyeva Mənsurəni evində ziyarət edib, onunla səmimi söhbət edərək, problemləri ilə maraqlanıb.