Mistan kəndində səyyar qəbul keçirilib
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov 01 may 2024-cü il tarixində rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşlarının, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların rəhbər işçilərinin iştirakı ilə Mistan kəndində səyyar qəbul keçirib. Qəbulda Mistan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Mistan, Digov, Digovdərə, Halabın, Xəlifəkənd, Pirəsora və Rəzgov kəndlərinin sakinləri iştirak edib.
Qəbulda rayon icra hakimiyyətinin başçısı ölkə rəhbərliyinin müvafiq tapşırığına uyğun olaraq vətəndaşların səyyar qəbullarının keçirilməsinin əhəmiyyətindən söz açaraq bildirib ki, qarşıya qoyulmuş əsas vəzifə, vətəndaşları narahat edən məsələləri yerində öyrənmək və qanunamüvafiq qaydada həlli tədbirlərini müəyyən etməkdir. Eyni zamanda rayon rəhbəri Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti portalı barədə vətəndaşlara məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ portalından istifadə etmələrini tövsiyə edib.
Qəbul zamanı kənd sakinlərinin şikayət və təklifləri dinlənilib. Müraciətlər əsasən yol, elektrik və digər sosial məsələlərlə bağlı olub.
Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov kənd sakinlərinin problem və təkliflərini dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib.