“Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda tədbir keçirilib
“Heydər Əliyev İli” çərçivəsində 15 İyun – Azərbaycan Xalqının Milli Qurtuluş Günü münasibətilə “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Heydər Əliyev meydanında Ümummilli Liderin abidəsini ziyarət edərək, xatirəsini ehtiramla yad ediblər.
Lerik Rayon İcra Hakimiyyətinin akt zalında davam etdirilən tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov çıxış edərək bildirib ki, 1993-cü ilin 15 iyun günü Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün əsl Qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir. 1993-cü ilin 15 iyun günü xalqımızın mübarizələrlə dolu şanlı tarixinə yeni dövrün başlanğıcı kimi daxil oldu. Həmin gün xalqımızın Ümummilli Lideri Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu qayıdış, ilk növbədə, Azərbaycanın müstəqilliyini, dövlətçiliyini qoruyub saxladı, ölkəni parçalanmadan, düşmən işğalının geniş miqyas almasından xilas etdi. Ümummilli Liderin rəhbərliyi altında ölkədə ictimai-siyasi sabitlik təmin olundu, qanunsuz silahlı birləşmələr zərərsizləşdirildi, özbaşınalığın, hərc-mərcliyin qarşısı alındı. Ermənistanın daha geniş ərazilərimizi işğal etməsinə, kütləvi qanlar axıdılmasına son qoyuldu, atəşkəs sazişinin imzalanmasına nail olundu. Ulu Öndərin hakimiyyətə qayıdışından sonra ölkəmizdə bir-birinin ardınca reallaşdırılan genişmiqyaslı layihələr dövlətimizin inkişafına və möhkəmlənməsinə zəmin yaratdı. Bu gün regionun lider dövlətinə çevrilməyimizin əsası bu möhtəşəm qayıdışla qoyuldu.
Tədbirdə Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova, Lerik Rayon Ağsaqqallar Şurasının sədri Elxan Qənbərov və digərləri çıxış edərək həmin dövrdə cərəyan edən hadisələrə nəzər saldılar, Ulu Öndərin xilaskarlıq və quruculuq missiyasının bu gün onun layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirildiyini, Prezident cənab İlham Əliyevin gərgin səyi ilə Azərbaycan dövlətçiliyinin daha da möhkəmləndirilməsinə, xalqın həyat səviyyəsinin yüksəlməsinə xidmət edən çoxsaylı dövlət proqramların uğurla həyata keçirildiyini, ölkədə tam ictimai-siyasi sabitliyin hökm sürdüyünü, Azərbaycan xalqının görkəmli dövlət xadimi Heydər Əliyevin xatirəsini daim əziz tutduğunu bildiriblər.