Loda kəndində Vətən müharibəsi şəhidi Əliyev Gündüz Etibar oğlunun xatirəsinə inşa edilmiş bulaq kompleksinin açılışı oldu
2022-ci il iyulun 19-da Loda kəndində Vətən müharibəsi şəhidi Əliyev Gündüz Etibar oğlunun xatirəsinə inşa edilmiş bulaq kompleksinin açılış mərasimi keçirildi.
Əvvəlcə tədbir iştirakçıları şəhidin məzarını ziyarət etdilər, məzarın önünə tər gül-çiçəklər düzdülər.
Respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Sonra Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev, Milli Məclisin deputatı İqbal Məmmədov və şəhid valideyinləri tərəfindən bulaq kompleksinin üzərindən örtük götürüldü, önündə gül-çiçək dəstələri qoyuldu.
Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev şəhid ailələrini və kənd sakinlərini salamladı. Vətən müharibəsinin 44 günü ərzində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun işğal altındakı torpaqlarımızı azad etdiyini, bu möhtəşəm qələbənin şəhidlərimizin qanı, canı bahasına əldə edildiyini, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinin həmişə ehtiramla yad edildiyini diqqətə çatdırdı. Loda kəndinin qəhrəman oğlu, Vətən müharibəsi şəhidi Əliyev Gündüz Etibar oğlu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “İgidliyə görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Mərasimdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı İqbal Məmmədov çıxış edərək bulaq kompleksinin tikintisində əziyyəti olan hər kəsə təşəkkürünü bildirdi. Vətən müharibəsində xalq-iqtidar birliyi və Müzəffər Azərbaycan Ordusunun rəşadəti hesabına möhtəşəm qələbə əldə edildiyini qeyd etdi. Hərbi əməliyyatlarda Lerik rayonundan olan qəhrəman oğullarımızın da nümayiş etdirdikləri misilsiz rəşadətin hamımızı qürurlandırdığını, onların həyat yolunu, qəhrəmanlıq nümunələrini öyrənmək və təbliğ etmək hamımızın borcu olduğunu vurğuladı.
Açılış mərasimində şəhidin atası Etibar Əliyev, şəhidin müəllimi Əziz Dövlətov və Şəhidin döyüş yoldaşı Amil Novxanılı çıxış edərək şəhid ailələrinə və qazilərə göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə etdilər.
Sonra məktəblilərin ifasında şəhidlərə və Vətən müharibəsində qələbəyə həsr olunmuş şeirlər səsləndirildi.