Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Livədirqə kəndində şəhidlərin xatirəsinə inşa edilmiş bulaq kompleksinin açılışı oldu

04 iyun 2022 | 17:40

04 iyun 2022-ci il tarixdə rayonun Livədirqə kəndində I Qarabağ və Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış şəhidlərin xatirəsinə inşa edilmiş bulaq kompleksinin açılışı oldu.

Mərasimdə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Sonra Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev, Milli Məclisin deputatı İqbal Məmmədov və şəhid valideyinləri tərəfindən bulaq kompleksinin üzərindən örtük götürüldü, önündə gül-çiçək dəstələri qoyuldu.

Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev şəhid ailələrini və kənd sakinlərini salamladı. Vətən müharibəsinin 44 günü ərzində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun işğal altındakı torpaqlarımızı azad etdiyini, bu möhtəşəm qələbənin şəhidlərimizin qanı, canı bahasına əldə edildiyini, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinin həmişə ehtiramla yad edildiyini diqqətə çatdırdı. Bildirdi ki, həm Birinci Qarabağ, həm də Vətən müharibəsində Lerik rayonundan olan qəhrəman oğullarımız da hərbi əməliyyatlarda misilsiz rəşadət nümayiş etdirmişlər. İşğaldan azad edilmiş torpaqlarda cənab Prezidentin nəzarəti ilə aparılan abadlıq-quruculuq işləri barədə gemiş məlumat verdi.

Sonda C.Baxşıyev “Şəhidlər bulağı”nın tikintisində dəstəy göstərən və zəhməti olan hər kəsə minnətdarlığını bildirdi.

Mərasimdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı İqbal Məmmədov çıxış edərək bulaq kompleksinin tikintisində əziyyəti olan hər kəsə təşəkkürünü bildirdi. Vətən müharibəsində xalqımızın sarsılmaz birliyi ilə Müzəffər Azərbaycan Ordusunun rəşadəti hesabına möhtəşəm qələbə əldə edildiyini qeyd etdi. Hərbi əməliyyatlarda Lerik rayonundan olan qəhrəman oğullarımızın da nümayiş etdirdikləri misilsiz rəşadətin hamımızı qürurlandırdığını, onların həyat yolunu, qəhrəmanlıq nümunələrini öyrənmək və təbliğ etmək hamımızın borcu olduğunu vurğuladı.

Açılış mərasimində şəhid atası Xeyrulla Şirvanov, şəhid babası Əziz Əkbərov, Vətən müharibəsi iştirakçısı Elmar Alışanov çıxış etdilər. Şəhid ailələrinə və qazilərə göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə etdilər.

Livədirqə kənd tam orta məktəb şagirdlərinin ifasında şəhidlərə və qələbəmizə həsr olunmuş şeirlər səsləndirildi.

Keçidlər