Lerikdə təhsil işçilərinin konfransı keçirilib
2026-cı il avqustun 31-də Lerik Rayon Mədəniyyət Mərkəzində rayonun təhsil işçilərinin konfransı keçirilib.
Tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, Lənkəran–Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, təhsil işçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Öncə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsinin ziyarəti edib, abidənin önünə gül dəstələri düzərək, əziz xatirəsini ehtiramla yad ediblər.
Lerik Rayon Mədəniyyət Mərkəzində davam etdirilən tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov çıxışında yeni tədris ilinin başlanması münasibətilə təhsil işçilərini təbrik edib və fəaliyyətlərində uğurlar arzulayıb. Təhsil sahəsində görülən işlərdən söhbət açaraq müəllim və təhsil işçilərinin fəaliyyətini yüksək qiymətləndirib.
Lənkəran–Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev çıxışında ötən tədris ilinin nəticələrini qeyd edib, tədrisin keyfiyyətinin artırılması, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin yüksəldilməsi ilə bağlı qarşıda duran vəzifələri diqqətə çatdırıb.
Daha sonra Lənkəran–Astara Regional Təhsil İdarəsinin məsləhətçisi Hicran İbrahimov 2025–2026-cı tədris ilinin yekunlarına dair hesabat təqdim edib. Hesabatda rayonun ümumi və məktəbəqədər təhsil müəssisələrinin fəaliyyəti, imtahanların nəticələri, əvvəlki illərlə müqayisəli göstəricilər, əldə olunan nailiyyətlər, eləcə də mövcud çətinliklər və onların səbəbləri təhlil edilib.
Konfransda yeni tədris ilində nəticələrin yüksəldilməsi, məktəbdaxili qiymətləndirmənin səmərəli təşkili, şagirdlərlə məqsədyönlü işin gücləndirilməsi, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi, məktəb idarəetməsinin təkmilləşdirilməsi əsas fəaliyyət istiqamətləri kimi diqqətə çatdırılıb, təhsil müəssisələrinin rəhbərlərinə müvafiq tövsiyələr verilib.







