Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

“Lerikdə investisiya imkanları" mövzusunda forum keçirilib

13 iyun 2023 | 16:46

13 iyun 2023-cü il tarixində Lerik Rayon İcra Hakimiyyətinin və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Lerikdə rayonunun investisiya imkanlarına dair forum keçirilib.

Tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Milli Məclisin deputatı İqbal Məmmədov, o cümlədən  İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər , Kənd Təsərrüfatı Nazirliyinin, Vergi Xidmətinin, Baş Məşğulluq Xidmətinin, Sahibkarlığa Kömək Milli Fondunun, Turizm Agentliyinin nümayəndələri  və lerikli sahibkarlar  iştirak ediblər.

Forumda çıxış edən rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov qonaqları və tədbir iştirakçılarını salamlayıb və forumun əhəmiyyətindən danışıb. Ölkəmizdə uğurla həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində regionların inkişaf etdiyini qeyd edib. Lerikdə sahibkarlar üçün yaradılmış əlverişli biznes və investisiya mühiti, o cümlədən biznes fəaliyyəti üçün potensial sahələr barədə məlumat verib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov çıxışında ölkəmizin davamlı və dayanıqlı iqtisadi inkişafında regionların rolunun vacibliyini bildirib. Qeyd edib ki, rayonlarda sahibkarlığın inkişafına, yeni biznes subyektlərinin yaradılmasına, özünüməşğulluğun təmin edilməsinə Agentlik tərəfindən göstərilən dəstək və həyata keçirilən layihələr prioritet məsələlərdən biridir. Sahibkarlıq fəaliyyətinə başlamaq və biznesini inkişaf etdirmək, eləcə də dövlət dəstəyi mexanizmləri, o cümlədən KOBİA-nın dəstək və xidmətlərindən yararlanmaq istəyən sahibkarlar Agentliyin ölkənin 40-dan çox şəhər və rayonunu əhatə edən KOB dostu ofislərinə, KOB inkişaf mərkəzlərinə müraciət edə bilərlər.

Tədbirdə millət vəkili İqbal Məmmədov regionların investisiya potensialının reallaşdırılması tədbirləri barədə fikirlərini bölüşüb.

Forumda həmçinin KOBİA-nın fəaliyyətinə və Lerik rayonunun kənd icmalarının fəaliyyətinin qiymətləndirilməsi qaydalarına dair videoçarxlar nümayiş olunub.

Tədbir çərçivəsində həmçinin, KOBİA-nın, Kənd Təsərrüfatı və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Məşğulluq Agentliyinin, Sahibkarlığın İnkişafı Fondunun və Dövlət Turizm Agentliyinin nümayəndələri “Lerikdə investisiya imkanları: mövcud potensial və perspektivlər” mövzusunda təqdimatlarla çıxış edərək sahibkarları məlumatlandırıblar, onları maraqlandıran suallar cavablandırılıb.

Rayonda kənd təsərrüfatının, turizm sektorunun, sənaye və digər sahələrin inkişafından ötrü iş adamlarının fəaliyyət göstərməsi üçün müvafiq təkliflər irəli sürülüb. Rayonun kənd icmaları tərəfindən həyata keçirilən layihələr müzakirə edilərək, qarşıdakı illərdə onların iştirakının daha da genişləndirilməsi, onlara maliyyə dəstəyinin göstərilməsi və digər məsələlərin dəstəklənməsi barədə də müzakirələr aparılıb.

Keçidlər