Lerikdə 2 İyul-Azərbaycan Polisi Günü qeyd edilib
02 iyul 2024- cü il tarixində Lerik Rayon Polis şöbəsində 2 İyul-Azərbaycan Polisi Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, polis şöbəsinin şəxsi heyəti iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, xatirəsini ehtiramla yad ediblər.
Sonra tədbir rayon polis şöbəsində davam etdirilib.
Tədbiri giriş sözü ilə rayon polis şöbəsinin rəisi, polis polkovniki Ramil Mustafayev açaraq polis orqanlarının keçdiyi şərəfli yoldan, xalqımızın Ümummilli Lideri, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin dövlət strukturlarının, o cümlədən polis orqanlarının inkişafı və təkmilləşməsi üçün göstərdiyi diqqət və qayğını diqqətə çatdırıb, Ulu Öndərin siyasətinin Prezident İlham Əliyev tərəfindən inamla və uğurla davam etdirildiyini qeyd edib. Gündən-günə inkişaf edən respublikamızda ictimai asayişin, vətəndaşların hüquq və azadlıqlarının qorunmasında polisin göstərdiyi xidmətlərdən danışıb.
Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısı Əkbər Abbasov polis əməkdaşlarını peşə bayramları münasibəti ilə təbrik edib, çətin və şərəfli peşələrində uğurlar arzulayıb.
Sonda xidmətdə fərqlənən bir qrup polis əməkdaşına rayon icra hakimiyyətinin Fəxri Fərmanı və hədiyyələr təqdim edilib.