Lerik sakinlərinə pulsuz hüquqi yardım göstərilib
14 iyun 2024-cü il tarixdə rayon mədəniyyət mərkəzində 15 İyun – Azərbaycan Xalqının Milli Qurtuluş Günü və Qurban bayramı münasibətilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, Lerik Rayon İcra Hakimiyyətinin və YAP Lerik rayon təşkilatının birgə təşkilatçılığı ilə 20 saylı Vəkil Bürosunun vəkilləri tərəfindən Lerik sakinlərinə pulsuz hüquqi yardım aksiyası keçirilib.
Öncə aksiya iştirakçıları tərəfindən Lerik şəhərində ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub və əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib.
Aksiya zamanı 40-dan çox vətəndaşa ödənişsiz hüquqi yardım göstərilib. Onları maraqlandıran suallar cavablandırılıb, mülki, inzibati və sosial təminat qanunvericiliyinin müddəaları izah edilib, yazılı və şifahi məsləhətlər verilib.