Lerik rayonunda Zəfər Günü qeyd edilib
8 Noyabr – Zəfər Günü münasibətilə Lerik rayonunda silsilə bayram tədbirləri təşkil olunub.
Tədbirlərdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, Milli Məclisin deputatı Vasif Qafarov, Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bayram tədbirləri çərçivəsində rayon ərazisində ağacəkmə aksiyası keçirilib. Aksiya zamanı şəhidlərimizin əziz xatirəsinə müxtəlif növ ağaclar əkilib.
Daha sonra tədbir iştirakçıları “Şəhidlər” abidə kompleksini ziyarət edərək Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib, abidə önünə tər güllər düzüblər.
Bayram tədbiri “Lerik Palace” şadlıq sarayında konsert proqramı ilə davam etdirilib. Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov 8 Noyabr – Zəfər Gününün Azərbaycan tarixinin ən şanlı və qürurverici səhifələrindən biri olduğunu vurğulayıb. Bildirilib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində qazandığı tarixi Qələbə xalqımızın milli qürur və iftixar mənbəyinə çevrilib. 2023-cü ilin sentyabr ayında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın dövlət suverenliyinin ölkənin bütün ərazisində tam bərpa edilməsi Ordumuzun gücünü, qüdrətini və qəhrəmanlığını bir daha nümayiş etdirib.
Tədbirdə Milli Məclisin deputatı Vasif Qafarov, Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının sədri Malik Mirzəyev və şəhid atası Mükafat Yaqubov çıxış edərək Zəfər Günü münasibətilə təbriklərini çatdırıb, tarixi Qələbənin əhəmiyyətindən və şəhidlərimizin göstərdiyi qəhrəmanlıqdan bəhs ediblər.
Rəsmi hissədən sonra Lerik Rayon Mədəniyyət Mərkəzinin musiqi kollektivinin ifasında rəngarəng konsert proqramı təqdim olunub.







