Lerik rayonunda Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 33 illiyinə həsr olunmuş tədbir keçirilib
Lerik Rayon İcra Hakimiyyətinin və YAP Lerik Rayon Təşkilatının təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 33 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, partiya üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Öncə tədbir iştirakçıları şəhərin mərkəzi meydanında ucaldılmış Yeni Azərbaycan Partiyasının qurucusu və memarı Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov çıxış edərək bildirib ki, 1992-ci il noyabrın 21-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi yeni müstəqil Azərbaycanın tarixində parlaq gələcəyin əsasını qoydu. Ulu Öndərin yüksək nüfuzu, xalqın ona böyük inam və etimadı Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində yüksəlişini təmin edən mühüm faktorlardan birinə çevrilib. Bu gün Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident cənab İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyasının nüfuzu getdikcə daha da artmaqdadır.
Çıxış edən digər iştirakçılar da Yeni Azərbaycan Partiyasının 33 il ərzində olduqca şərəfli və məsuliyyətli yol qət etdiyini, partiyanın yaradıcısı Ümummilli Lider Heydər Əliyevin müstəqil, demokratik, hüquqi dövlət quruculuğu yolunda gərgin fəaliyyətinin Azərbaycanın bu gününü və gələcək taleyini müəyyən etdiyini bildiriblər.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına Fəxri fərmanlar təqdim edilib.







