Lerik rayonunda "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ağacəkmə aksiyası keçirilib
Lerik Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Lənkəran-Lerik magistral avtomobil yolunun 54-cü kilometrliyində ağacəkmə aksiyası keçirilib.
Aksiyada Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Aksiya zamanı 2500-dən çox müxtəlif növ ağaclar və dekorativ bəzək kolları əkilərək suvarılıb və onlara aqrotexniki qulluq göstərilib. Aksiyanın keçirilməsində məqsəd ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə təbiətə qayğını təbliğ etmək, yaşıllıqların çoxaldılmasını təşviq edərək ətraf mühitin qorunmasına, ən əsası da ölkədə keçirilən ekoloji tədbirlərə və ekoloji maarifləndirmə işlərinə töhfə verməkdən ibarətdir.
Qeyd edək ki, 10 gün davam edəcək aksiya zamanı rayonun ayrı-ayrı ərazilərində və magistral yolların kənarlarında ümumilikdə 10 mindən çox müxtəlif növ ağacların əkilməsi nəzərdə tutulub.