Lerik rayonunda 27 sentyabr “Anım Günü” münasibətilə ümumrayon tədbiri keçirilib
27 sentyabr – Azərbaycan Respublikasında Anım Günü ilə əlaqədar Lerik şəhərində ümumrayon anım tədbiri keçirilib.
Anım mərasimində Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, rayonun hüquq mühafizə orqanları rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, şəhid ailə üzvləri, Vətən müharibəsi iştirakçıları, ziyalılar, ağsaqqallar və ictimaiyyət nümayəndələri iştirak edib.
Öncə “Şəhidlər” abidə kompleksi ziyarət edilib, kompleksin qarşısında tər gül-çiçək dəstələri düzülüb.
“Şəhidlər” abidə kompleksi önündə davam edən tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov çıxış edib. Bildirib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun işğal altındakı torpaqlarımızı azad edib. Bu möhtəşəm qələbənin şəhidlərimizin qanı, canı bahasına əldə edildiyini, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinin həmişə ehtiramla yad edildiyini diqqətə çatdırıb.
Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon Şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Fərman Məmmədov, şəhid anası Sevinc Babayeva, şəhid atası Mükafat Yaqubov, Vətən müharibəsi iştirakçısı Məhərrəm Əliyev çıxış edərək torpaqlarımızın azad olunması uğrunda Vətən müharibəsində iştirak etmiş qəhrəman oğullarımızın nümayiş etdirdikləri misilsiz rəşadətin xalqımızı qürurlandırdığını, rəşadətli Vətən övladlarının döyüş yolunun, onların şücaətinin, fədakarlığının gələcək nəsillərə həmişə örnək olacağını bildiriblər, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını ifadə ediblər.
Sonra Lerik şəhər 3 saylı tam orta məktəbin şagirdlərinin ifasında şəhidlərimizə həsr olunmuş ədəbi-bədii komposiziya nümayiş etdirilib
27 sentyabr “Anım Günü” münasibətilə saat 12:00-da Azərbaycan Respublikasının ərazi bütövlüyünün və müstəqilliyinin müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.