Lerik ictimaiyyəti Ulu Öndəri hörmət və ehtiramla yad etdi
Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar Ulu Öndərin mərkəzi meydandakı abidəsi önündə böyük izdiham vardı.
Öncə rayon icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, ağsaqqallar ulu öndərin abidəsini ziyarət etdilər, abidənin önünə tər gül-çiçəklər düzdülər.
Daha sonra Heydər Əliyev Mərkəzində ümummilli liderin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirildi.
Tədbir iştirakçıları ümummilli liderin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış oldular, ulu öndərin həyat və fəaliyyətinə həsr olunmuş sənədli filmə baxdılar.
Konfransı giriş nitqi ilə açan Lerik Rayon İcra Hakimiyyət başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev geniş məruzə ilə çıxış edərək bildirdi ki, Azərbaycan xalqının ictimai-siyasi həyatında, dövlətçilik tarixində özünəməxsus rol oynamış Heydər Əliyev dövlətçilik konsepsiyasının, ənənələrinin yaradılmasında mühüm rol oynamış və adını qızıl hərflərlə Azərbaycan tarixinə yazmışdır. Odur ki, hələ sağlığında canlı əfsanəyə çevrilən Heydər Əliyevə ümumxalq sevgisi, Heydər Əliyev fenomeninə maraq illər ötdükcə daha da artır.
Daha sonra natiq bildirdi ki, 2020-ci ildə ərazi bütövlüyümüzün təmin edilməsi, əldə etdiyimiz möhtəşəm Zəfər ümummili lider Heydər Əliyevin nizami ordu quruculuğu və ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində əsasını qoyduğu islahatların Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilməsi və respublikamızın regionda ən güclü orduya malik dövlətə çevrilməsi nəticəsində mümkün olmuşdur. Prezident İlham Əliyev Şuşa şəhərinin işğaldan azad edildiyi həlledici gündə ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdikdən sonra xalqa müraciətində həm də ulu öndərin vəsiyyətini həyata keçirildiyini bəyan etdi.
Natiq qeyd etdi ki, bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilmişdir. Azərbaycan xalqının hələ neçə-neçə nəsli Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaqdır. Bu gün bu irsi yaşatmaq, gələcək nəslə olduğu kimi ötürmək bizim hər birimizin borcudur.
Elmi-praktik konfransda çıxış edən rayon Prokuroru Akif Rzayev, təhsil işçisi Zöhrab Salayev, YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, Veteranlar təşkilatının sədri Hidayət Bəşirov ümummilli lider Heydər Əliyevin 1993-cü ildən başladığı xilaskarlıq və quruculuq missiyasını bu gün onun layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirildiyini, Prezident cənab İlham Əliyevin gərgin səyi ilə Azərbaycan dövlətçiliyinin daha da möhkəmləndirilməsinə, xalqın həyat səviyyəsinin yüksəlməsinə xidmət edən çoxsaylı dövlət proqramlarının, struktur və hüquqi islahatların uğurla həyata keçirildiyini, ölkədə tam ictimai-siyasi sabitliyin hökm sürdüyünü, əhalinin rifah halının gündən-günə yaxşılaşdığını diqqətə çatdırdılar. Nə qədər ki, Azərbaycan dövləti var xalqımızın görkəmli dövlət xadimi Heydər Əliyevin xatirəsinin daim əziz tutulacağını, yetişən cəng nəsilə onun haqqında məlumatların çatdırılacağını vurğuladılar.
Gün ərzində rayon sakinləri tərəfindən xalqımızın dahi oğlu Heydər Əliyevin abidəsi ziyarət olunmuş, önündə gül-çiçək düzülərək xatirəsi ehtiramla yad edilmişdir.