Küsəkəran kəndində şəhidin xatirəsinə inşa edilmiş bulaq kompleksinin açılışı oldu
08 iyun 2022-ci il tarixində rayonun Küsəkəran kəndində I Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalmış Məmmədov Baləmir Şirməmməd oğlunun xatirəsinə inşa edilmiş bulaq kompleksinin açılışı oldu. Açılış mərasimində Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev, rayonun hüquq mühafizə orqanlarının, idarə müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri və kənd ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Açılış mərasimində öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Sonra Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev və şəhid qardaşı Alməmməd Məmmədov tərəfindən bulaq kompleksinin üzərindən örtük götürüldü, önündə gül-çiçək dəstələri qoyuldu.
Bulaq kompleksinin önündə davam etdirilən mərasimdə aparıcı Hüsaməddin Abbasov şəhidin həyat və döyüş yolu barədə ətraflı məlumat verdi.
Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev şəhid ailələrini və kənd sakinlərini salamladı və bulağın tikintisində dəstək göstərən və zəhməti olan hər kəsə minnətdarlığını ifadə etdi. Bildirdi ki, Vətən müharibəsinin 44 günü ərzində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı azad etdi. Bu müharibədə xalqımız Ali Baş Komandanının rəhbərliyi və ordumuzun şücaəti ilə qalib tərəf kimi tarix yazdı və Birinci Qarabağ müharibəsində şəhid olmuş Vətən övladlarımızın qisasını aldı. Həm Birinci Qarabağ, həm də Vətən müharibəsində Lerik rayonundan olan qəhrəman oğullarımız da hərbi əməliyyatlarda misilsiz rəşadət nümayiş etdirmişlər.
Sonra C.Baxşıyev işğaldan azad edilmiş torpaqlarda cənab Prezidentin nəzarəti ilə aparılan abadlıq-quruculuq işləri barədə tədbir iştirakçılarına geniş məlumat verdi.
Mərasimdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon Şöbəsinin rəisi Arif Həsənov, kənd ağsaqqalı Gülağa İsiyev və şəhidin adını daşıyan Küsəkəran kənd ümumi orta məktəbinin direktoru Ağayar Yəhyayev çıxışlarında ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinin həmişə ehtiramla yad edildiyini qeyd etdilər, xalqımızın şəhidlər ilə qürur duyduğunu vurğuladılar.
Məktəblilərin ifasında şəhidlərə və qələbəmizə həsr olunmuş şeirlər səsləndirildi
Sonda şəhidin qardaşı Alməmməd Məmmədov və şəhidin əmisi oğlu Akif Ağayev çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etdilər.