Kəlvəz kənd tam orta məktəbinin binasının açılış mərasimi keçirilib
2023-cü il noyabrın 30-da Kəlvəz kənd tam orta məktəbinin binasının açılış mərasimi keçirilib. Tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, Lənkəran–Astara Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən Rəhim Rəhimov, müəllimlər, şagirdlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlanan açılış mərasimində Kəlvəz kənd tam orta məktəbinin fəaliyyəti, məktəb üçün yeni binanın tikintisi haqqında məlumat verilib. Bildirilib ki, məktəbin əvvəlki binası yararsız vəziyyətə düşdüyünə görə məktəb üçün yeni binanın tikintisi məqsədəuyğun hesab edilmiş, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 may tarixli 3257 nömrəli Sərəncamı ilə 56 şagird yerlik modul tipli məktəb binasının quraşdırılması üçün maliyyə vəsaiti ayrılmışdır. 2022-ci ildə tikinti işlərinə başlanılmışdır. Tikinti Elm və Təhsil Nazirliyinin sifarişi ilə həyata keçirilmişdir.
Tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov çıxış edərək məktəb binasının açılışı münasibətilə təhsil işçilərinə, şagirdlərə, kənd sakinlərinə təbriklərini çatdırıb, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə təhsilin inkişafı ilə bağlı mühüm tədbirlərin həyata keçirildiyini, təhsil islahatlarının uğurla davam etdirildiyini, təhsil infrastrukturunun müasirləşdirildiyini, yeni məktəb binalarının tikildiyini, əsaslı təmir olunduğunu bildirib. Kəlvəz kənd tam orta məktəbinin yeni binasının tikintisinin də bu sahədə görülən işlərin davamı olduğunu vurğulayan icra hakimiyyətinin başçısı məktəbin müəllim və şagird kollektivinə uğurlar arzulayıb.
Lənkəran–Astara Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən Rəhim Rəhimov məktəb binasının açılışı münasibətilə müəllimləri, şagirdləri, kənd sakinlərini təbrik edərək, təhsil infrastrukturunun inkişaf etdirilməsi istiqamətində bundan sonra da zəruri tədbirlərin görüləcəyini diqqətə çatdırıb.
Kənd sakinləri adından şəhid atası Teymur Tağıyev və kənd ağsaqqalı Elxan Nurullayev çıxış edərək uşaq və gənclərin təhsil alması üçün ölkəmizdə yaradılan yüksək şəraitə, göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlığını ifadə ediblər.