Kələxan kəndində vətəndaşlarla növbəti səyyar qəbul keçirildi
Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev 05 may 2022-ci il tarixdə rayonun Kələxan kəndində vətəndaşlarla növbəti səyyar qəbul keçirdi.
Qəbulda C.Baxşıyev çıxış edərək cənab Prezidentin yürütdüyü uğurlu siyasət nəticəsində Vətən mübaribəsində ordumuzun şanlı qələbəsi və işğaldan azad olunmuş ərazilərdə bərpa işlərinin aparılmasından, cənab Prezident tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlardan, o cümlədən minimum əmək haqları, pensiyaların, müharibə veteranlarına, şəhid ailələrinə verilən müavinətlərin əhəmiyyətli dərəcədə artırılmasından və eyni zamanda müxtəlif dövlət təşkilatlarında çalışan işçilərin əmək haqlarının artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə geniş məlumat verdi.
Son illər reallaşdırılan uğurlu iqtisadi islahatların rayonumuzun da inkişafına ciddi təsir göstərdiyini, ölkəmizin digər rayonları kimi, Lerik rayonun da günü-gündən çiçəkləndiyini, abadlaşdığını qeyd etdi. Kələxan kənd ərazi icra nümayəndəliyinə daxil olan kəndlərin hamısının qazlaşdırılması, ərazinin kəndara yollarının əsalı təmir edilməsi, yeni məktəb binalarının, həkim məntəqələrinin tikintisi cənab Prezidentin rayonumuza, həmçinin hər bir kəndə diqqət və qayğısının bariz nümunəsi olduğunu diqqətə çatdırdı .
Qəbulda 8 vətəndaş dinlənildi. Vətəndaşlar ərazinin mövcud sahə həkim məntəqənin ixtisaslı həkimlə təmin edilməsinə, Göydərə kəndi ərazisində su tutarlarının yaradılmasına, kənddə mövcud transformatorun dəyişdirilməsinə, Göydərə kəndinə gələn avtomobil yolunun texnika vasitəsilə hamarlanmasına və əsaslı təmirinə və digər problemlərin həllinə köməklik göstərilməsini xahiş etdilər.
Qəbul zamanı qaldırılmış məsələlərdən 2-si yerində həll edildi, 2-nin Dövlət Proqramında icrasının nəzərdə tutulduğu bildirildi, digər məsələlərlə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verildi.