Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

“Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda konfrans keçirilib

28 aprel 2023 | 15:57

28 aprel 2023-cü il tarixində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar tədbirlər proqramına uyğun olaraq rayon icra hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda konfrans keçirilib.

Konfransda rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov, Lənkəran Dövlət Universitetinin müəllimləri: filologiya üzrə fəlsəfə doktoru, dosent Könül Dənziyeva və tarix üzrə fəlsəfə doktoru, dosent Emin Məlikov, ziyalılar, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyəti iştirak edib.

Əvvəlcə konfrans iştirakçıları tərəfindən Ulu Öndərin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülərək xatirəsi ehtiramla yad olunub.

Lerik Rayon İcra Hakimiyyətinin inzibati idarə binasında davam etdirilən tədbirdə Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğurunda canından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. 

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov məruzə ilə çıxış edərək bildirib ki, XX əsr Azərbaycan tarixinin fenomen şəxsiyyəti, dünyamiqyaslı ictimai-siyasi xadim, Ümummilli Lider Heydər Əliyev bütün həyatını xalqının nicatına həsr etmiş, müasir Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını yaratmış, dövlət müstəqilliyinin daimi və dönməz olmasını təmin etmişdir. Heydər Əliyev ideoloji baryerlərin son dərəcə sərt olduğu sovet dövründə Azərbaycanın müstəqilliyi üçün iqtisadi-siyasi zəmin formalaşdırmağa çalışmış, milli ruhun yüksəlişinə xidmət edən bir sıra mühüm addımlar atmışdır. Böyük təzyiqlərlə, təqiblərlə üzləşsə də, heç nədən çəkinməyərək əzmkar fəaliyyəti ilə xalqda tarixi keçmişi, milli kimliyi, dili, mədəniyyəti, adət-ənənələri və düşüncə sistemi barədə dolğun təsəvvürlər formalaşdıra bilmişdir. Ulu Öndərimizin həmin illərdə milli ruhun qorunması, milli özünüdərk prosesinin güclənməsi istiqamətində gördüyü işlər çoxşaxəli olduğu qədər də saysız-hesabsızdır. Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə ölkə rəhbərliyinə qayıdışı Azərbaycanın ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsl dönüş yaranmış, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun dövlət quruculuğu prosesi başlanılmışdır. Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilmişdir.

Konfransda Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, Lənkəran–Astara Regional Təhsil İdarəsinin Lerik rayonu üzrə təhsil sektorunun əməkdaşı Hüseynbala Əliyev, Lənkəran Dövlət Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru, dosent Könül Dənziyeva, Lənkəran Dövlət Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Məlikov, Heydər Əliyev Mərkəzinin əməkdaşı Bahar Mürsəliyeva və digərləri çıxış edərək “Heydər Əliyev ili” çərçivəsində keçirilən tədbirlərin əhəmiyyətindən danışıblar. Qeyd olunub ki,  Ulu Öndərin mənalı ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillərə nümunədir və unudulmaz tarixdir. Ümummilli Lider Heydər Əliyevin həm 1969–1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə, həm 1982–1987-ci illərdə SSRİ-nin Nazirlər Sovetində rəhbər vəzifədə işlədiyi dövrdə, həm də 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıdışından sonra Azərbaycanda həyatın bütün sahələrində misilsiz inkişaf səviyyəsi əldə edildiyini, azərbaycançılıq məfkurəsinin, milli ruhun hədsiz yüksəlməsi, milli özünüdərkin inkişafı, tarixi yaddaşın özünə qaytarılması kimi fundamental prinsiplər əsasında dövlətçilik hisslərinin güclənərək real siyasi amilə çevrildiyini, Azərbaycanın intibah dövrü yaşadığını bildiriblər.

Keçidlər