“Heydər Əliyev irsi və hüquqi dövlət quruculuğu” mövzusunda dəyirmi masa keçirilib
“Konstitusiya və Suverenlik İli” çərçivəsində mayın 8-də Lerik Rayon İcra Hakimiyyətinin akt zalında “Heydər Əliyev irsi və hüquqi dövlət quruculuğu” mövzusunda dəyirmi masa keçirilib.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov bildirib ki, Ümummilli Lider Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını yaratmış, dövlət müstəqilliyinin daimi və dönməz olmasını təmin etmişdir. Heydər Əliyevin 1993-cü ildə ölkə rəhbərliyinə qayıdışı ilə Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsl dönüş yaranmış, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun dövlət quruculuğu prosesi başlanılmışdır. Ulu Öndərin sədrliyi ilə hazırlanmış müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda qəbul edilmiş, bununla da, Azərbaycan demokratik, hüquqi, dünyəvi bir dövlət kimi insan hüquqlarının prioritetini və hakimiyyətin bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçmişdir. Ümummilli Lider Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilmiş, ölkəmizin hərbi-siyasi qüdrəti artmış, ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmişdir.
Lerik rayon prokuroru Akif Rzayev, Lerik Rayon Məhkəməsinin sədri Rövşən Xəlilov, Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının sədri Malik Mirzəyev və Lerik Rayon Veteranlar Təşkilatının sədri Hidayət Bəşirov çıxış edərək Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə insan haqlarının etibarlı qorunmasının dövlətin prioriteti kimi müəyyən edildiyini, 1995-ci ildə beynəlxalq standartlara cavab verən, demokratik prinsiplər əsasında Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi ilə dövlət quruculuğu sahəsində yeni mərhələnin başlandığını, sonrakı dövrdə ictimai münasibətlərin müxtəlif sahələrini tənzimləyən bir sıra qanunların və digər normativ hüquqi aktların layihələrinin hazırlandığını, o cümlədən məhkəmə-hüquq islahatlarının həyata keçirildiyini, insan haqlarının müdafiəsinə daha etibarlı təminat verən üçpilləli müstəqil məhkəmə sisteminin fəaliyyətə başladığını bildiriblər. Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmişdir. Azərbaycan xalqı qəlbən inandığı və siyasətini bəyəndiyi liderinin rəhbərliyi altında daha böyük uğurlar qazanacağına, ən müxtəlif sahələrdə daha böyük nailiyyətlərə imza atacağına ürəkdən inanır.
Daha sonra rayonun ictimai-siyasi həyatında fərqləndiklərinə görə fəxri fərmanla təltif edilmiş şəxslərə fəxri fərmanlar təqdim edilib.
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov yekun sözü ilə çıxış edib.