Əkbər Abbasov şəhidlərin anım günündə məzarlarını ziyarət edib
Azərbaycan çoxəsrlik tarixində dəfələrlə işğala məruz qalsa da, məhz Vətənin qeyrətli övladlarının qətiyyəti və xalqın fədakar mübarizəsi nəticəsində dövlətçilik irsini və müstəqilliyini qoruyub saxlaya bilib. Bu mübarizələrdə xalqımız neçə-neçə igid övladını Vətən uğrunda qurban verib.
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri ilə birlikdə vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda canından keçən igid oğullarımızdan rayonun Kələxan kəndində Yaqublu Əliqismət Mükafat oğlunun, Kornədi kəndində Ağayev Cəlal Ağaverdi oğlunun şəhadətə qovuşmasının üçüncü ildönümü və Ambu kəndində Əhmədov Tural Əkrəm oğlunun şəhadətə qovuşmasının ikinci ildönümü ilə əlaqədar məzarları ziyarət olunub, üzərlərinə gül dəstələri düzərək əziz xatirələri ehtiramla yad edilib.
Eyni zamanda Ambu kəndində Vətən müharibəsi şəhidi Rəhmətov Əbülfəz Hüseynverdi oğlunun məzarı ziyarət olunub.
Rayon icra hakimiyyətinin başçısı Ə.Abbasov mərasimlərdə iştirak edən şəhid ailə üzvləri ilə görüşüb, onlarla səmimi söhbət edib, onların qayğı və problemləri ilə maraqlanıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə şəhid Əliqismət Yaqublu “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Xocəvəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları, Cəlal Ağayev 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda”, “İgidliyə görə”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.