Durğan kəndində səyyar qəbul keçirilib
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, yerli hüquq mühafizə orqanlarının rəhbərləri və xidmət təşkilatlarının məsul şəxsləri ilə birlikdə Durğan kəndində səyyar qəbul keçirib. Qəbulda Şingədulan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Durğan, Ağqışlaq, Küman, Laman, Şingədulan və Zenoni kəndlərinin sakinləri iştirak edib.
Rayon icra hakimiyyəti başçısı qəbulda çıxış edərək bildirib ki, cənab Prezidentin tapşırığına əsasən yerlərdə əhali ilə keçirilən görüşlərdə əsas məqsəd mövcud vəziyyəti kənd sakinlərinin dilindən öyrənmək, həlli mümkün olan məsələləri yerində həll etmək və ehtiyac olduğu halda aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaqdır.
Qəbul zamanı kənd sakinlərinin şikayət və təklifləri dinlənilib. Müraciətlər əsasən yol, qaz, elektrik, su və digər sosial məsələlərlə bağlı olub.
Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov kənd sakinlərinin problem və təkliflərini dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib.