Dövlət qulluqçularının peşə bayramı günü qeyd edilib
Lerik Rayon İcra Hakimiyyətinin inzibati idarə binasında 23 iyun - Dövlət Qulluqçularının Peşə Bayramı günü münasibətilə tədbir keçirilib.
Öncə tədbir iştirakçıları Lerik şəhərində Azərbaycan xalqının ulu öndəri, ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə tər gül dəstələri düzüb xatirəsini ehtiramla yad ediblər.
Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov tədbiri giriş nitqi ilə açaraq dövlət qulluğunda çalışanları peşə bayramı münasibəti ilə təbrik edib, dövlət quruculuğu sahəsində aparılan islahatların ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırıb. Bildirib ki, ulu öndər Heydər Əliyevin dövlətçilik ənənələri bu gün cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Uğurlu dövlət quruculuğu siyasətinin ardıcıl həyata keçirilməsi nəticəsində respublikamızda dövlət idarəetmə sisteminin, o cümlədən dövlət qulluğunun təkmilləşdirilməsi üçün mühüm işlər görülür, uğurlu islahatlar aparılır.
Cənab Prezident tərəfindən 2006-cı ildə dövlət qulluqçularının peşə bayramı gününün təsis olunması, hər il bu bayram münasibəti ilə dövlət qulluqçularının təltif edilməsi dövlət qulluqçularına göstərilən diqqət və qayğının nəticəsidir. Cənab Prezidentin sərəncamı ilə təltif edilmiş dövlət qulluqçularının siyahısında rayonda çalışan dövlət qulluqçularının adlarının da olması dövlət qulluqçularımıza göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Tədbirdə təqaüddə olan dövlət qulluqçusu Elxan Qənbərov çıxış edərək dövlət qulluqçularını peşə bayramı münasibəti ilə təbrik edib, çətin və şərəfli fəaliyyətlərində uğurlar arzulayıb .
Sonda dövlət qulluğunda səmərəli və qüsursuz fəaliyyət göstərən bir qrup dövlət qulluqçusuna rayon icra hakimiyyəti başçısı tərəfindən Fəxri Fərmanlar təqdim edilib.